YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Baş naziri Gürcüstanın müdafiə naziri ilə görüşüb

Martın 9-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli görüşlərin intensivləşdirilməsini zəruri sayan Baş nazir Artur Rasi-zadə qarşılıqlı faydalı əsaslarda həyata keçirilən qlobal layihələrin əhəmiyyətini qeyd edib. O, nəzərdə tutulan sazişlərin uğurla gerçəkləşdirildiyini, istər neft-qaz layihələrinin, istər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və digər müştərək fəaliyyətin xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğulayıb. Baş nazir Artur Rasi-zadə iqtisadi-ticarət və mədəniyyət istiqamətləri ilə yanaşı, müdafiə sahəsində əməkdaşlığın da yüksəldilməsinin günün tələbi olduğunu nəzərə çatdırıb. O, müdafiə və müdafiə sənayesi, hərbi təhsil və təcrübə mübadiləsi sahələrində mövcud imkanlardan səmərəli istifadənin zəruriliyinə diqqəti yönəldib.

Dost, qardaş Azərbaycanın Gürcüstana hər zaman dəstək verdiyini məmnunluqla ifadə edən müdafiə naziri Levan İzoria tarixi əlaqələrimizi və müasir strateji əməkdaşlıq amilini nəzərə almaqla ikitərəfli münasibətlərimizin bütün spektr üzrə daha da dərinləşdirilməsinin həqiqətən hər iki tərəf üçün faydalı olması fikrinə həmrəyliyini bildirib.

Regional problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi zamanı hər iki tərəf bölgədə sabitliyin saxlanması və iqtisadi inkişafın təmin edilməsi naminə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.