YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT Parlament Assambleyasının sədri Milli Məclisdə olub

Martın 12-də Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bahar Muradova bildirib ki, Azərbaycan ATƏT-in bütün institutları ilə, o cümlədən Parlament Assambleyası ilə yüksək səviyyəli əməkdaşlığa malikdir və bu əməkdaşlığın daha da inkişafında maraqlıdır. Bizim üçün ATƏT PA və onun çərçivəsində əməkdaşlıq və dialoq üçün yaranmış mühit çox əhəmiyyətlidir. Belə bir təşkilatın rəhbərliyinin yenidən Azərbaycanda olması bu əməkdaşlığın növbəti mərhələləri üçün yeni təkandır.

ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycana səfərinin böyük əhəmiyyətə malik olduğunu söyləyib. O, ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək ilk beynəlxalq sessiyasında iştirak edəcəyindən məmnunluğunu bildirib.