YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrimiqyaslı təlimlərdə bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi yoxlanılıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.

Təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.

Təlim nöqtələri, texniki təminat, təmir-bərpa, səyyar ideoloji məntəqələrinə və mobil səhra hospitalına baş çəkən müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb.

Müdafiə naziri təlimə cəlb olunan hərbi texnika və silahlara baxış keçirib.

Təlimdə iştirak edən şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyini və təlimin məqsədlərinə müvəffəqiyyətlə nail olunduğunu bildirib.

Sonda təlim poliqonunda döyüş texnikasının keçidi və aviasiyanın uçuşları həyata keçirilib.

Təlimlər sentyabrın 20-dək davam edəcək.