YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirlərin görüşündə Azərbaycan-Monteneqro əlaqələrinin perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə sentyabrın 18-də ölkəmizdə rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç ilə görüşüb.

Əvvəlcə Azərbaycanın və Monteneqro Baş nazirlərinin təkbətək görüşü olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Monteneqrolu həmkarını və nümayəndə heyətinin üzvlərini salamlayan Baş nazir Artur Rasizadə ölkələrimiz arasında əməkdaşlığın sürətlə inkişaf etdiyini deyib. Bildirilib ki, Azərbaycan və Monteneqro arasında siyasi sahədə əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafında önəmli rol oynadığını deyən Baş nazir A.Rasizadə Azərbaycanın Monteneqro ilə münasibətləri yüksək qiymətləndirdiyini bildirib.

Artur Rasizadə ölkələrimiz arasında iqtisadi münasibətlərin də sürətlə inkişaf etdiyini diqqətə çatdırıb, Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətindən məmnunluğunu ifadə edib. Bildirilib ki, hər iki ölkənin iştirakı ilə irimiqyaslı layihələr icra olunur. Qarşıda duran əsas məsələ bu layihələrin uğurla həyata keçirilməsidir.

Baz nazir Artur Rasizadə humanitar və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir A.Rasizadə bildirib ki, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində ölkəmizin 20 faiz torpağı işğala məruz qalıb. Təəssüflər olsun ki, 20 ildən çoxdur davam edən münaqişə hələ də öz həllini tapmayıb.

Baş nazir Milo Cukanoviç Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinin olduğunu deyib. Milo Cukanoviç ölkələrimiz arasında son illərdə münasibətlərin sürətli inkişafının məmnunluq doğurduğunu qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi bazanın olduğunu vurğulayıb.

Baş nazir M.Cukanoviç ölkələrimiz arasında yalnız siyasi münasibətlərin deyil, iqtisadi əlaqələrində sürətlə inkişafının sevindirici hal olduğunu diqqətə çatdırıb. “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində “Cənub” Qaz dəhlizinin təməlinin qoyulmasının əhəmiyyətinə toxunan qonaq ölkəsinin bu layihədə iştirakının sevindirici hal olduğunu deyib. Monteneqronun Baş naziri, həmçinin Azərbaycanı bu cür önəmli enerji layihələrini həyata keçirməsi münasibətilə də təbrik edib.

Baş nazir M.Cukanoviç Azərbaycan hökumətinə ölkəsinə verdiyi hərtərəfli köməyə və göstərdiyi dostluq münasibətinə görə minnətdarlığını bildirib.

Sonda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Monteneqro Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənədi Azərbaycan tərəfdən təhsil naziri Mikayıl Cabbarov, Monteneqro tərəfdən isə iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar.