YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: İlham Əliyev yüksəliş, inkişaf, tərəqqi deməkdir

“Cənab İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi xalqımız tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılanır. Biz növbəti dəfə “İlhamla İrəli!” şüarı ilə seçki kampaniyasına başlamışıq”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi, prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov prezident seckilərinin təbliğat- təşviqat kampaniyası çərçivəsində Nərimanov rayonunda keçirilən mitinqdə çıxışı zamanı deyib.

Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim irəliləyib. Azərbaycan hazırda regionun lider dövlətidir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Onun sözlərinə görə, Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək. Azərbaycanın beynəlxalq aləmdə də nüfuzu güclənməkdədir.

YAP Sədrinin müavini qeyd edib ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, yeniləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.

“Ona görə də biz yenə də “İlhamla İrəli!” deyərək seçki kampaniyasını uğurla aparırıq. Cənab İlham Əliyev 15 il ərzində Azərbaycan üçün möhtəşəm nailiyyətlərə imza atıb. Bu səbəbdən də, İlham Əliyev yüksəliş, inkişaf, tərəqqi deməkdir. O, hər bir azərbaycanlının firavanlığı üçün çalışır. Buna görə də bütün xalqımız İlham Əliyevi sevir, Onu dəstəkləyir. İstər gənc olsun, istər qadın, istərsə də yaşlı nəslin nümayəndələri - bütün vətəndaşlarımız cənab İlham Əliyevə inanır və etimad göstərirlər. Çünki cənab İlham Əliyevə səs vermək sabitliyə, inkişaf və tərəqqiyə səs vermək deməkdir”-deyə, Əli Əhmədov vurğulayıb.