YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkənin Xarici İşlər və Əməkdaşlıq Nazirliyinə nota göndərib

Xəbər verdiyimiz kimi, bu günlərdə İspaniya mətbuatında yayılan məlumata görə, İspaniyanın Bask vilayəti parlamentinin Avropa və xarici əlaqələr komitəsi qondarma “Dağlıq Qarabağ respublikası”nın öz müqəddəratını təyinetmə haqqını dəstəkləyən qanun layihəsinə düzəlişləri təsdiq edib. Qondarma “Dağlıq Qarabağ respublikası”nın “xarici işlər naziri” Karen Mirzoyanın İspaniyanın Bask vilayətinə səfəri və keçirdiyi görüşlər zamanı qəbul olunan sənəddə “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmə və qondarma “Dağlıq Qarabağ respublikası”nın münaqişənin həlli istiqamətində gedən danışıqlara tərəf kimi qatılma haqqı qabardılır. Beynəlxalq ictimaiyyət və xüsusilə Avropa İttifaqı münaqişə tərəfləri arasında etimad mühitinin yaradılması və münaqişənin ATƏT-in Minsk qrupunun təklifləri əsasında həlli üçün təsirli addımların atılmasına çağırılır. Ermənistan mətbuatı isə bu məlumatı təhrif edərək “Bask vilayətinin parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanıyıb” formasında təqdim edib.

Yayılmış məlumatları araşdıran Azərbaycanın İspaniyadakı səfirliyi İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyinə nota göndərib. Notada deyilir ki, İspaniyanın yerli və regional rəsmiləri tərəfindən bu cür qətnamələrin qəbul edilməsi cəhdlərinin qarşısı alınmalıdır. Hər hansı belə qətnamənin qəbulu Azərbaycan Respublikasına qarşı qərəzli addım kimi qəbul oluna və müvafiq nəticələrə səbəb ola bilər. Eyni zamanda, İspaniya hökumətindən Mirzoyan soyadlı şəxsin “Dağlıq Qarabağ respublikası”nın “xarici işlər naziri” adı ilə bu ölkəyə səfəri, onun İspaniyaya hansı pasportla, haradan gəlməsini açıqlayan məlumat istənilib. Gələcəkdə İspaniya ərazisində bu cür səfərlərin və hərəkətlərin qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirilməsi tələb edilib.

Bu məsələnin müzakirəsi ilə bağlı sentyabrın 25-26-da Bask hökumətinin başçısı, Bask vilayəti parlamentinin sədri, Bask parlamenti fraksiyalarının rəhbərləri ilə görüş nəzərdə tutulub.