YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Konstantin Zatulin ermənilərə sifarişlə çalışan çox zavallı və miskin bir şəxsdir

«Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin ermənilərə, separatçılıq fəaliyyəti ilə məşğul olanlara satılmış, muzdla, sifarişlə çalışan çox zavallı və miskin bir şəxsdir. Onun Azərbaycanla, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı mövqeyi sərsəmlikdən və boşbozağlıqdan başqa bir şey deyil. Boşboğazlıq, yalançılıq, şər və böhtançılıq onun xislətindədir». Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

Azərbaycan Prezidentinin tarixi Azərbaycan torpaqları haqqında son dövrlərdə söylədiyi fikirlərin Ermənistanda çox ciddi narahatlıqla qarşılandığını deyən komitə sədrinin sözlərinə görə, xüsusən də, cənab İlham  Əliyevin  azərbaycanlıların gec-tez İrəvan, Zəngəzur, Göyçə torpaqlarına qayıdacağı ilə bağlı bəyanatları həm Ermənistan rəhbərliyini, həm də xaricdəki erməni diaspor təşkilatlarını sözün əsl mənasında  narahat etməkdədir: “Çünki ölkə Prezidentinin fikirləri, bəyanatları tutarlı arqumentlərə, tarixi faktlara və sübuta geniş ehtiyacı olmayan dəlllərə əsaslanır. Cənab İlham Əliyevin mövqeyi tam həqiqəti əks etdirir və erməniləri, işğalçılıq və təcavüzkarlıq siyasəti ilə məşğul olan cinayətkar Ermənistan rəhbərliyini, erməni lobbisi və diasporasını fakt qarşısında qoyur”. E. İbrahimov deyib ki, burada da söhbət Azərbaycanın Ermənistana qarşı ərazi iddiasından deyil, azərbaycanlıların öz tarixi torpaqlarında yaşamaq hüququndan gedir.

Millət vəkili qeyd edib ki, Konstantin  Zatulin Rusiyanın özündə qalmaqallı, keçmişi qaranlıq bir siyasətçi kimi tanınır. Onun sözlərinə görə, Zatulin çirkin yollarla Moskva Dövlət Universitetinə (MDU) qəbul olunub: “Onun öz tələbə yoldaşlarının bildirdiyinə görə, Zatulin universitetdə bir qayda olaraq bu və ya digər qayda pozuntusu edən tələbələr barədə rəhbərliyə məlumat verməklə məşğul olub. İndiyə qədər də onun elmi biliyi, siyasi savadı həm tələbə yoldaşları, həm də Rusiya elmi ictimaiyyəti arasında böyük suallar doğurur. Zatulin Rusiya parlamentinə seçilənə qədər fırıldaq işlərlə məşğul olması ilə tanınıb. O, vaxtilə komsomol xətti ilə kommersiya obyektləri yaradıb, moskvalılara pulsuz mənzil verəcəyi ilə şirnikləndirməklə 2 milyona qədər lotoreya satıb, amma onlara mənzil verməyib. O, bu və ya digər siyasi qüvvə tərəfindən maddi baxımdan həvəsləndirilərək sifarişli siyasi fəaliyyəti ilə də tanınır. Ümumiyyətlə, onun adı bir qayda olaraq ya çirkin kommersiyalarda, ya fırıldaqçılıqda, yaxud da sifarişli siyasi fəaliyyətdə hallanır. Buna görə də erməni millətçiləri Zatulindən vaxtaşırı özlərinin Azərbaycana qarşı çirkin ideoloji təbliğatında istifadə etməyə çalışırlar. Amma onun dediklərinə özündən və əmr aldığı və özü ağılda, təfəkkürdə olan ağalarından başqa kimsə inanmır. O, əslində sərsəmləməlri ilə erməniləri, nökərçilik etdiyi ağalarını da pus duruma salır. Çünki onun dedikləri fakt, sübut, arqument deyil, böhtan, şər və qarayaxmadır”.

E.İbrahimov xatırladıb ki, Zatulun hələ illər öncəsi Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər edib və qondarma “DQR” rəhbərliyi ilə görüşlər keçirərək separatçıları dəstəklədiyini açıq-aşkar nümayiş etdirib. Bu isə təbii ki, narahatlıq və etiraz doğurmaya bilməzdi. «Həmin vaxtlar mənim də daxil olduğum Azərbaycan parlamentinin nümayəndə heyətinin  Rusiyaya səfəri zamanı  edən Azərbaycan parlament nümayəndə heyəti Dumanın rəhbərliyi qarşısında qaldırmışdı. Rusiya Dövlət Dumasının sədri də Zatulinin hərəkərlərinin yolverilməz olduğunu,  Rusiya dövlətinin mövqeyni əks etdirmədiyini də ifadə etmişdi. Ancaq görünən odur ki, Zatulin onunla bağlı ölçü götürülmədiyi, hərəkərlərinə layiqli qiymət verilmədiyi, cəzalandırılmadığı üçün öz fitnəkar əməllərindən əl çəkmək fikrində deyil,əksinə, separatizmə, erməni terrorçuluğuna dəstək ifadə edən fəaliyyətini daha da genişləndirməkdədir. Ancaq dediyim kimi, onu ermənilərdən başqa ciddiyə alan yoxdur»-deyən, YAP İdarə Heyətinin üzvü əlavə edib ki, tarixi həqiqətlər Azərbaycanın tərəfindədir. İndiki Ermənistan adlanan dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır və bu torpaqlar gec-tez öz tarixi sahiblərinə də geri dönəcək.