YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunun qadın seçiciləri cənab İlham Əliyevin siyasətini dəstəkləyirlər

Bu gün, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində partiyanın namizədi cənab İlham Əliyevə seçkilərdə dəstək məqsədilə rayonun qadın seçiciləri ilə görüş keçirdi.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri Şəmsəddin Hacıyev, YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Səbail rayon 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Gülüstan Əliyeva, YAP Səbail rayon Qadınlar Şurasının sədri Təranə Kərimova, YAP Səbail “Əbdülkərim Əlizadə 5” ərazi ilk partiya təşkilatının sədri Məlahət Qurbanova, gənc YAP fəalları Humay Həsənova və Nigar Ağayeva çıxış etdilər.

Diqqətə çatdırıldı ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu gün cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Dövlət idarəçilik sistemində, parlamentdə, hüquq-mühafizə orqanlarında, müxtəlif komitə və təşkilatlarda, elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində qadınlarımız layiqincə təmsil olunurlar. Peşəkar fəaliyyətləri ilə yanaşı xüsusi siyasi fəallıqları ilə də seçilən qadınlarımız Yeni Azərbaycan Partiyasının sıralarında ölkəmizin tərəqqisinə öz töhfələrini verirlər. Təsadüfi deyil ki, 710 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar təxminən 50 faiz təşkil edir, həmçinin ölkə üzrə seçicilərin 52 faizə yaxını qadınlardır.

Çıxışlarda ölkə başçısı, Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmizdə bərqərar olan ictimai-siyasi sabitlik və milli təhlükəsizlik şəraiti, ötən 15 il ərzində Azərbaycanda əldə olunmuş dinamik iqtisadi artım göstəriciləri, ölkənin strateji valyuta ehtiyatlarının artması, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının uğurlu icrası, vətəndaşların sosial rifahının yaxşılaşması, ictimai həyatın bütün sahələrinin kompleks inkişafı, ordu quruculuğu haqqında seçicilərə ətraflı məlumat verildi. Bütün bu qeyd olunanlar, əsası Ulu Öndər tərəfindən qoyulmuş müsbət ənənələrin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilməsinin nəticəsidir. Azərbaycanı uğurlu sabahlara aparan bu siyasət birmənalı olaraq davam etdirilməlidir. Bunun üçün isə qarşıdan gələn seçkilərdə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də qadınlarımız öz sözünü deməli və vahid namizədimizə öz dəstəyini ifadə etməlidirlər.

Qeyd olundu ki, son illərdə cənab İlham Əliyevin məharətli idarəçiliyi ilə cəmiyyət həyatımızın bütün sahələrində qazanılan uğurların 11 aprel seçkilərində YAP-ın möhtəşəm qələbəsinə tam zəmin yaradır. Səbail rayon qadınları “İLHAMLA İRƏLİ!” şüarı altında bu seçkilərdə də stabilliyə, inkişafa, xoşbəxt gələcəyə və bütün bunların təminatçısı olan vahid Liderimizə – cənab İlham Əliyevə səs verəcəklər.

DİGƏR Xəbərlər Arxiv