YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub

Martın 31-də Ombudsman Aparatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilən tədbir keçirilib.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, ali təhsil müəssisələrinin, media qurumlarının rəhbərlərinin, hüquq ictimaiyyətinin təmsilçilərinin, alimlərin iştirak etdikləri tədbirdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub.

Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Ombudsman Elmira Süleymanova erməni millətçiləri tərəfindən yüz illər boyu planlı surətdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətindən danışıb. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin, xüsusilə Heydər Əliyev Fondunun gördüyü işləri qeyd edib. Ombudsman Azərbaycan, fransız, ingilis, rus və türk dillərində nəşr edilmiş “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının önəmindən bəhs edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Ukrayna Milli Elmlər Akademiyasının həqiqi üzvü Oleq Zayçuk, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov və başqaları erməni millətçilərinin əsrlərboyu xalqımıza qarşı törətdikləri cinayətlərin ağır nəticələrindən danışıb, təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşüblər. Kitabın müxtəlif dillərdə nəşr edilməsinin əhəmiyyəti qeyd olunub.