YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması yoxsulluğun kəskin şəkildə azalması ilə nəticələnib

«Ölkədə iqtisadi inkişafın vacib göstəricilərindən biri kimi transformasiya proseslərindən qaynaqlanmaqla keyfiyyət, struktur və məzmun dəyişikliklərinə məruz qalan əhali gəlirləri də aztəminatlı əhalinin sosial müdafiəsi, iqtisadi islahatların doğura biləcəyi mənfi nəticələrin aradan qaldırılması kimi ənənəvi funksiyalarla məhdudlaşmayan, eyni zamanda, iqtisadi sistemin profilaktikası və müsbət məcrada inkişafına köklənən, bu məqsədlə reallaşdırılan tədbirlər sırasında aktiv məşğulluq proqramlarına güc verən məqsədyönlü sosial siyasət nəticəsində səmərəli tənzimlənmişdir. Həmçinin, iqtisadi sistemin əsasını təşkil edən, inkişaf səviyyəsinə görə bütünlükdə cəmiyyətin demokratikliyini, iqtisadiyyatın sosialyönümlülüyünü, əhalinin həyat şəraitini səciyyələndirməyə imkan verən sosial-əmək münasibətləri sahəsində aktual vəzifələrin həlli istiqamətində əsaslı uğurlar qazanılmışdır. Bu əsasda 2003-2017-ci illərdə yüksək rifahın həlledici amillərindən olan məşğulluğun daim xüsusi diqqət mərkəzində saxlanılması əhalinin sahibkarlıq fəaliyyəti üçün münbit şəraiti təmin etmiş, eləcə də ölkədə 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yerlərinin yaradılmasına imkan vermişdir». Bu fikirləri yap.org.az saytına əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, 2003-2017-ci illərdə əhali gəlirlərinin 8,6 dəfə artması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün imkanların yaradılması və bu əsasda əhalinin gəlirlərinin dəstəklənməsi tədbirlərinin ardıcıl reallaşdırılmasının əyani təsdiqidir. Bu siyasətin tərkib hissəsi kimi əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə, əmək ödənişlərindən gəlirləri isə 7,5 dəfə artmış, sosial sahədə dövlətin balanslaşdırılmış iştirak səviyyəsini tənzimləmək məqsədilə sosial xərclərin optimal həddi gözlənilməklə sosial müdafiə və təminat üçün dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin həcmində 10,3 dəfə artım qeydə alınmışdır. Əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması yoxsulluğun kəskin şəkildə azalması ilə nəticələnmiş və bu sahədə ölkəmizdə əldə olunan müsbət təcrübə Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilməsini, bununla da ölkəmizin sosial inkişaf modelinin artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul olunmasını şərtləndirmişdir.

«Bütün qeyd edilənlər bir daha ona dəlalət edir ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişafın paradiqmal prinsipləri və praqmatik islahatlar kursu ölkəmizdə sosial yönümlü bazar iqtisadiyyatı sisteminə uyğun səmərəli siyasət həyata keçirilməklə cəmiyyətin həyatının möhkəm sosial əsaslarının yaradılmasını şərtləndirən, bütün cəmiyyətin ehtiyaclarına maksimum uyğunlaşmanı və vətəndaş məmnunluğunu əsas məqsədə çevirən, hər kəsə öz rifahını və sosial statusunu gücləndirmək imkanı yaradan, adekvat tənzimləyici alətlər və sosial müdafiə tədbirləri vasitəsilə əhalinin gəlirlərini dəstəkləyən, qlobal miqyasda iqtisadiyyatın rəqabət üstünlükləri və modernləşmə imkanlarını müəyyənləşdirən vacib amil kimi insan kaptialının inkişafına hərtərəfli şərait yaradan müasir sosial dövlət modelinin uğurla gerçəkləşdirilməsini təmin etmişdir»-deyə, nazir vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv