YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 99 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 96,3 faizi, Trans-Anadolu (TANAP) boru kəmərinin inşası üzrə işlərin 93 faizi, Trans-Adriatik (TAP) kəmərinin inşası üzrə işlərin isə 68,7 faizi icra edilib.

Bu barədə  “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktorunun müavini Rəşad Mustafayev deyib.

“Həmin layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə indiyədək 9 milyard dollar investisiya qoyulub. Bu vəsaitin 3,7 milyard dolları “Şahdəniz-2” layihəsinə, 1 milyard dolları CQBKG-yə, 3,6 milyard dolları TANAP-a, 0,7 milyard dolları isə TAP layihəsinə xərclənib”, - deyə Rəşad Mustafayev əlavə edib.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il tarixli 25 fevral Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, CQBKG, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. Azərbaycan təbii qazının bu ilin iyulunda Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması nəzərdə tutulur.