YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin qərarları, atdığı addımlar sosial sifarişdir

Azərbaycan Prezidenti İlham Əliyev hər bir vətəndaşın, imtiyazlı təbəqənin, Vətən qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet vəzifə hesab edir. Dövlətimizin başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı bu istiqamətdə atılmış mühüm addımlardan biridir.

Bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu Fərman Prezident İlham Əliyevin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk sənəddir. Bu sənəd dövlətimizin başçısının vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Sözügedən Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat ödəmə veriləcək. Bu, Azərbaycan dövlətinin ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirdiyini təsdiqləyir. Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl sosial siyasət daha da gücləndiriləcək.

“Prezident İlham Əliyevin qərarları, atdığı addımlar sosial sifarişdir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, imzalanmış Fərman dövlətimizin başçısı tərəfindən həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanması amilinin təcrübədə yüksək səviyyədə reallaşmasının əyani sübutudur.