YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qorxmaz Hüseynov: Ötən dövrdə su və kanalizasiya layihələrinin icrasına başlanan 50 şəhərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin tikintisi yekunlaşıb

«Məlum olduğu kimi, su təchizatı və kanalizasiya sektoru  çox vacib sosial sahə olmaqla yanaşı, böyük investisiya tutumludur. Bunu nəzərə alan cənab Prezident İlham Əliyev ölkə əhalisinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmasını, həmçinin kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoyub». Bu fikirləri yap.org.az saytına müsahibəsində «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov deyib.

Q.Hüseynov bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq həm Bakı şəhəri və Abşeron yarımadasında, həm də regionlarda genişmiqyaslı su və kanalizasiya layihələri icra edilir. Onun sözlərinə görə, ötən dövrdə su və kanalizasiya layihələrinin icrasına başlanan 50 şəhərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin tikintisi yekunlaşıb.

«2004-2017-ci illərdə su təchizatı və kanalizasiya sektorunda əldə edilən nailiyyətlərə gəlincə deyə bilərik ki, həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində 9230 km içməli su xətti çəkilib, ümumi məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu,  ümumi həcmi 530 min  kubmetr olan 230  su anbarı tikilib, 308 artezian və subartezian quyusu  qazılaraq istismara verilib. Hesabat dövründə tullantı sularının axıdılması sahəsində də mühüm işlər görülüb. Belə ki, son 14 ildə 3540 km kanalizasiya və yağış suları   xətləri çəkilib, emal gücü sutkada 126 min kubmetr olan 3 tullantı sutəmizləyici qurğu tikilib, eyni zamanda 2 qurğuda əsaslı yenidənqurma işləri aparılıb. Abonentlərin sayı bu ilin əvvəlinə 2004-cü illə müqayisədə 530 min artaraq 1 milyon 410 minə çatıb, eyni zamanda 1 milyondan artıq sayğac quraşdırılıb. Müqayisə üçün bildirək ki, 2004-cü ildə fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi ölkə üzrə 26 faiz olduğu halda, artıq bu göstərici 67 faizə çatıb. Bakı şəhəri üzrə isə fasiləsiz  su təchizatı səviyyəsi 29 faizdən 81,5 faizə yüksəlib»-deyə, Q.Hüseynov vurğulayıb.