YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıdan Nyu-Yorka birbaşa uçuşlar başladı

“Azərbaycan Hava Yolları” QSC sentyabrın 24-dən etibarən Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri olan Nyu-Yorka birbaşa uçuşlara başlayıb.

Bakı-Nyu-York-Bakı istiqamətində ilk uçuşu həyata keçirən yüksək komfortlu “Aerobus-340” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan səhər saat 6-da havaya qalxıb.

“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli jurnalistlərə müsahibəsində bildirdi ki, son illər ölkəmiz dinamik inkişaf edir. Bu inkişaf milli aviasiyamızda da özünü göstərir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində “Azərbaycan Hava Yolları” yüksəliş dövrünü yaşamaqdadır. Aviaşirkətin bir çox ciddi prosedurları adlayaraq ABŞ aeroportlarına müntəzəm uçuşlar həyata keçirmək hüququ əldə etməsi bunun daha bir sübutudur. Mülki aviasiyamızın tarixində ilk dəfədir ki, Azərbaycan təyyarələri ABŞ-a birbaşa müntəzəm uçuşlara başlayır. Aviareyslər uzaqməsafəli uçuşlar üçün nəzərdə tutulmuş müasir “Aerobus-340” tipli təyyarələrlə yerinə yetiriləcək. Bu hava gəmiləri ən yüksək təhlükəsizlik tələblərinə cavab verir. Maksimal sürəti saatda 890 kilometr olan bu təyyarə birbaşa 16 min kilometr məsafə qət edə bilir, yəni dünyanın bu başından o biri başına dayanmadan uçur. Ümumiyyətlə, ən son texnika ilə təchiz olunan bu tipli hava gəmilərindən hazırda dünyanın nüfuzlu aviaşirkətləri istifadə edir.

İlk aylarda Nyu-Yorka uçuşların həftədə iki dəfə reallaşacağını bildirən M.Səfərli dekabrın 1-dən reyslərin sayının 3-dək artırılacağını vurğuladı.

Aviareysin ilk sərnişinlərindən olan “Şöhrət” ordenli Əzimbala Əzimov milli aviasiyamızın belə bir nailiyyətə imza atmasından qürur duyduğunu bildirərək dedi: “Mən özüm vaxtilə yük təyyarəsinin pilotu olmuşam. Bu gün isə ilk dəfə Nyu-Yorka uçan Azərbaycan təyyarəsinin sərnişinləri arasındayam. Sevindirici haldır ki, milli aviaşirkətimiz olan “Azərbaycan Hava Yolları” nəinki MDB məkanında ilk sıralardadır, hətta dünyanın iri aviaşirkətləri ilə rəqabət aparmağa qadirdir”.

Ə.Əzimov 28 min 500 saatdan çox uçuş yerinə yetirib. Uçuş saatlarının miqdarına görə MDB məkanında rekord nəticə əldə edən keçmiş pilot “Aerobus-340” təyyarəsinin imkanlarını yüksək qiymətləndirdi və əminliklə dedi ki, pilotlarımız uzaqməsafəli uçuşların öhdəsindən bacarıqla gələcək, sərnişinləri mənzil başına vaxtında və rahat çatdıracaqlar.

“Azərbaycan Hava Yolları”nın Nyu-Yorka birbaşa aviareys açmasını məmnunluqla qarşıladığını söyləyən digər sərnişin, ABŞ vətəndaşı Con Norton paytaxtımıza tez-tez səfər etdiyini vurğuladı: “Mən indiyədək Azərbaycana müxtəlif aviaşirkətlərin təyyarələri ilə uçmuşam. İndi isə “Azərbaycan Hava Yolları” bizə belə bir gözəl imkan yaradıb. Milli aviaşirkətinizin ABŞ-a birbaşa uçuşlar təşkil etməsi həqiqətən də sevindiricidir. Bu, eyni zamanda, ölkənizin aviasiya sahəsindəki inkişafından xəbər verir”.

Qeyd edək ki, təyyarə Kennedi hava limanına yerli vaxtla saat 9:30-da (Bakı vaxtilə 16:30) enəcək. Bakı-Nyu-York-Bakı marşrutu üzrə biletin qiyməti 599 avro təşkil edir. Nyu-York “Azərbaycan Hava Yolları”nın uçuş coğrafiyasında 37-ci məntəqədir.