YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda Dünya Turizm Günü qeyd ediləcək

Ölkəmizdə turizmin iqtisadiyyatın prioritet sahəsi kimi inkişafında nəzərəçarpacaq nailiyyətlər əldə edildiyi nəzərə alınaraq 27 sentyabr-Dünya Turizm Gününün geniş qeyd olunması qərara alınıb.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən  bildiriblər ki, aidiyyəti dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatların iştirakı ilə sentyabrın 26-da “Hilton Baku” mehmanxanasında Dünya Turizm Gününə həsr olunmuş konfransın və müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulub.

Konfransın proqramına uyğun olaraq Dünya Turizm Təşkilatının baş katibinin rəsmi videomesajından və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin açılış nitqindən sonra Azərbaycanda turizmin inkişafını təsvir edən videoçarx nümayiş etdiriləcəkdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilmiş “Ölkəmizi tanıyaq”, “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” layihələri, Azərbaycanda yeni yaradılmış “City Sightseeing Baku” şirkəti tərəfindən yerli və xarici qonaqlara göstərilən xidmət, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti, birinci Avropa Oyunlarının Azərbaycanda reallaşdırılması barədə təqdimatlar olacaqdır. Həmçinin "Baku Guide" bələdçi kataloqunun təqdimatı keçiriləcəkdir. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri turizm işçisi” döş nişanı, həmçinin Bakı Turizm İnformasiya Mərkəzinin fəxri diplomları ilə təltif olunanlara bu mükafatlar veriləcəkdir.
Dünya Turizm Günü ilə bağlı sentyabrın 27-də saat 10:00-dan etibarən Mədəniyyət və Turizm Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş (açıq qapı) elan olunacaqdır.

Bu tədbirlər çərçivəsində sentyabrın 27-də axşam saatlarında İçərişəhərdə (Qız qalasının yaxınlığında) 17:00-dan, “Qubernator bağı”nda 19:00-dan və “Fəvvarələr meydanı” ərazisində 20:00-dan paytaxt sakinləri və şəhərimizin qonaqları üçün iki saatlıq proqramla canlı caz musiqisinin ifa edilməsi nəzərdə tutulub.