YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Los-Ancelesdə Azərbaycan tolerantlığına həsr olunmuş tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi, Azərbaycanda yaşayan müxtəlif dini icmaların başçılarından ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los- Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqunda Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Baş konsulluğun və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə 300-dək qonaq, o cümlədən xarici ölkələrin Los- Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, müxtəlif dinləri təmsil edən din xadimləri, seçkili orqanların üzvləri, eləcə də bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak ediblər.

Tədbirin açılışında Sinay Sinaqoqunun kantoru Liza Peykot tərəfindən Azərbaycan himninin ifası rəğbətlə qarşılanıb.

Sinaqoqun ravvini Erez Şerman belə bir əlamətdar tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə edib. O, 2015-ci ildə sinaqoqun böyük nümayəndə heyətinin Azərbaycana səfərini qeyd edərək, Azərbaycandakı dinlərarası tolerantlığın bütün qonaqlara yüksək təsir bağışladığını vurğulayıb.

Sonra çıxış edən Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles nümayəndəliyinin sədri Skot Edelman Azərbaycanın bütün müsəlman dünyasında oynadığı nümunəvi rolu xüsusi vurğulayaraq, AYK ilə Azərbaycan arasında qurulmuş sıx dostluq əlaqələrinə yüksək önəm verdiklərini bildirib. S.Edelman ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olmasının Amerika yəhudiləri arasında böyük rəğbət doğurduğunu vurğulayıb. Natiq Azərbaycanın tolerantlıq modelinin bu gün Los-Ancelesdə Sinay Sinaqoqu və Azərbaycanın baş konsulluğu ilə birgə təqdim olunması kimi gözəl bir layihədəki rolundan AYK-nin şərəf duyduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı tədbirdə çıxış edərək tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunlarının, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib. 31-i qeyri-islam olmaqla, 809 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan M.Qurbanlı ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. O bildirib ki, məhz bu ənənələrin daha geniş təbliği üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib və bu illər çərçivəsində DQİDK və Qafqaz Müsəlmanları İdarəsi həm müsəlman, həm də qeyri-müsəlman ölkələrində bir sıra birgə tədbirlər həyata keçirib. DQİDK sədri xüsusilə bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli və geniş proqramlardan söz açıb. Qeyd edib ki, bu proses bu il də davam etdirilir. Belə ki, xüsusi olaraq Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzi yaradılıb və bu Mərkəz vasitəsilə qarşıdakı müddətdə Almaniya, İspaniya və Azərbaycanda müvafiq tədbirlər keçiriləcək.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında ölkəmizdə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü qeyd edib. Diplomat Sinay Sinaqoqu və Amerika Yəhudi Komitəsi ilə Los-Ancelesdə yaradılmış möhkəm dostluq münasibətlərinin ölkəmiz üçün yüksək önəm daşıdığını və bunun Azərbaycanın dinlərarası tolerantlıq modelinin ABŞ-da təbliği işinə yüksək töhfə verdiyini bildirib.

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıblar. Natiqlər Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıblar.

Sonra tədbir iştirakçıları və media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Müxtəlif media qurumlarını təmsil edən jurnalistlər Azərbaycan tolerantlığı barədə geniş bilgilər əldə ediblər.

Çıxışlardan sonra Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən, DQİDK tərəfindən çəkilmiş qısa film nümayiş etdirilib. Los-Ancelesdə fəaliyyət göstərən pianoçu Ceyson Abramsın ifasında Azərbaycan musiqisi təqdim olunub.

Sonda təbdir iştirakçıları Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş fotosərgi ilə tanış olublar.