YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva İkinci Asiya-Avropa Siyasi Forumunda iştirak edir

Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva 17-20 may tarixlərində Böyük Britaniyanın paytaxtı Londonda keçirilən İkinci Asiya-Avropa Siyasi Forumunda iştirak edir. YAP təmsilçisi forum çərçivəsində “Sülh və tərəqqi naminə Asiya-Avropa tərəfdaşlığı, regional əməkdaşlıqda və əlaqələrdə siyasi partiyaların rolu”  mövzusunda seminarda çıxış edib.

S.Fətəliyeva qeyd edib ki, hazırkı dövr terror, ekstremizm, etnik və dini dözümsüzlük, ksenofobiya və islamafobiyanın xəstəlik kimi yayıldığı, hər gün günahsız insanların, uşaqların öldüyü təhlükəli və mürəkkəb bir dövrdür. Belə şəraitdə dövlətlər və xalqlar arasında dialoq və əməkdaşlığın təşkili olduqca vacibdir. Azərbaycan regional əməkdaşlıq və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayan ölkədir.

Şöbə müdiri Azərbaycanın əsrlər boyu sivilizasiyaların qovuşduğu məkan olması, Asiya ilə Avropa arasında körpü rolunu oynaması, müxtəlif etnik və dini qrupların sülh şəraitində yaşamasından bəhs edib. Nəticədə, bu gün ölkəmiz beynəlxalq multikulturalizm mərkəzinə çevrilib. 2008-ci ildə Bakı prosesi ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərini bir araya gətirdi və sonradan hər il keçirilən mədəniyyətlərarası dialoq forumuna çevrildi. 2010-cu ildə keçirilən Dünya dini liderlərinin sammiti müxtəlif dinlərin təmsilçilərinin bir araya gələrək aktual mövzuları müzakirə etmələrinə şərait yaratdı.

S.Fətəliyeva son dövrlərdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutları üzərində geniş tranzit imkanları olan əlverişli logistik mərkəzə çevrildiyini bildirib. Bu baxımdan Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi ölkəmizi bütün Avrasiya regionunda önəmli qovşağa çevirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə Azərbaycanı Türkiyəyə, eləcə də Mərkəzi Asiya və Çini Avropaya birləşdirən nəqliyyat dəhlizi olmaq imkanlarına malikdir.

Azərbaycanda nəqliyyat və logistika mərkəzlərinin yaradılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasət regiona siyasi və iqtisadi dividendlər gətirməklə gələcəkdə bütün Avrasiya regionunun rifahına xidmət edəcəkdir.

Həmçinin, Milli Məclisin deputatı ölkəmizin fəal iştirakçısı olduğu Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatları çərçivəsində terrorizm, separatçılıq və zorakı ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silah, narkotik qaçaqmalçılığı, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, habelə kibercinayətkarlıq və qanunsuz miqrasiyanın bütün təzahürlərinə qarşı mübarizə aparıldığını da öz nitqində vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv