YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Romada rəsmi qəbul təşkil edilib

Azərbaycanın İtaliyadakı səfirliyi Romanın “Hotel The St. Regis Rome” mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.

Tədbirdə İtaliya tərəfdən əsas qonaq qismində İtaliya Senatının sədri Maria Elisabetta Kasellati və xarici işlər nazirinin müavini Benedetto Della Vedova iştirak ediblər. Rəsmi qəbula, həmçinin İtaliyanın icra və qanunvericilik orqanlarının nümayəndələri, çoxsaylı senator və deputatlar, diplomatik korpusun üzvləri, elmi-akademik, işgüzar, mədəniyyət dairələrinin təmsilçiləri qatılıblar.

Əvvəlcə Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.

Çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb, ilk dəfə məhz Azərbaycan xalqının müsəlman Şərqində ilk demokratik respublikanın əsasını qoyduğunu bildirib və Cümhuriyyətin Azərbaycan tarixindəki rolundan bəhs edib.

Diplomat Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi inkişaf yolu, ölkəmizin əldə etdiyi nailiyyətlər, regional sabitlik və əməkdaşlığa verdiyi töhfələr, Avropanın enerji təhlükəsizliyindəki rolu, multikulturalizm ənənələri barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycan-İtaliya əlaqələrinə toxunan Məmməd Əhmədzadə iki ölkə arasında ənənəvi olaraq yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu bildirib. “Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı qəbul edilmiş birgə bəyannəmədə əks olunduğu kimi ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”,-deyə səfir vurğulayıb. İki ölkə arasında mövcud olan güclü iqtisadi əməkdaşlıq barədə məlumat verən diplomat Cənub Qaz Dəhlizinin, o cümlədən Trans Adriatik Boru Kəmərinin istər Avropanın enerji təhlükəsizliyinə, istərsə də Azərbaycan-İtaliya əlaqələrinə töhfəsindən danışıb.

Humanitar, mədəniyyət və təhsil sahələrində qarşılıqlı mübadilələrin əhəmiyyətinə də toxunan Məmməd Əhmədzadə bu xüsusda Heydər Əliyev Fondunun önəmli töhfələrindən, eləcə də Bakının “Ekspo 2025” sərgisinə ev sahibliyi üçün namizədliyindən bəhs edib.

İtaliya Senatının sədri Maria Elisabetta Kasellati Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı öz təbriklərini çatdırıb. O, belə bir mərasimdə iştirak etməkdən, İtaliya və Azərbaycan arasında yaxın dostluq əlaqələrini təmsil etməkdən məmnunluq hissi keçirdiyini bildirib.

İtaliya Senatının sədri Azərbaycanın Avropa ölkələri ilə tarixi və mədəni bağlantılarını, o cümlədən İtaliya ilə iqtisadi, ticarət və mədəniyyət sahələrində güclü əməkdaşlığını nəzərə alaraq, əlaqələrin daha da dərinləşəcəyinə ümidvar olduğunu deyib. Sədr Azərbaycanın Qərb və Şərq arasındakı bağlantıda sabitlik və inkişaf nöqteyi-nəzərdən önəmli istinad nöqtəsinə çevrilməli olduğunu vurğulayıb.

Sonra çıxış edən İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini təmsil etdiyi və fəaliyyətini tamamlamaqda olan hökumətin İtaliya ilə Azərbaycan arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində addımlarından danışıb.

Bu müddət ərzində iqtisadiyyat, enerji sahələrində əməkdaşlığın inkişafına və TAP layihəsi ilə bağlı irəliləyişlərə nail olunduğunu deyən nazir müavini növbəti müddətdə də iki ölkə arasında əlaqələrin davamlı şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ziyafətlə davam etdirilən tədbirdə Bakının “Ekspo 2025” sərgisinə ev sahibliyi üçün namizədliyinə dair videoçarxlar nümayiş etdirilib və ölkəmizin tarixi, mədəniyyəti və həqiqətləri barədə italyan dilində nəşrlər paylanıb.

 

DİGƏR Xəbərlər Arxiv