YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Cənub Qaz Dəhlizinin reallaşması ilə Azərbaycanın dünyada mövqeyi kifayət qədər gücləndi

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun nəhəng neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması gündəlikdə duran ən mühüm məsələlərdən biri olub. Mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi. Bu, Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı.

Bu sözləri Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

Elman Nəsirov bildirib ki, bir vaxtlar Cənub Qaz Dəhlizi də “Əsrin müqaviləsi” kimi bir xəyal, əfsanə hesab edilirdi. Amma artıq bu, reallıqdır. Dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Bu nəhəng layihənin rəsmi açılışı bizim üçün həm də böyük siyasi əhəmiyyət daşıyır. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, bütün dünya Azərbaycanın təşəbbüsü ilə istənilən layihənin reallaşdırdığını gördü. Dəfələrlə nəhəng layihələrlə bağlı müəyyən proseslərin şahidi olmuşuq. Qonşu ölkələrin tarixindən bildiyimiz kimi, böyük layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparılır, lakin son nəticədə fikir ayrılıqları səbəbindən həmin layihələr reallaşmır. Amma Azərbaycanın təşəbbüsü ilə çoxsaylı layihələr reallaşdırılıb. Buna misal olaraq, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri, indi isə Cənub Qaz Dəhlizi reallaşdırılıb. Layihənin reallaşması ilə, ilk növbədə, Azərbaycanın dünyada imici, mövqeyi kifayət qədər güclənmiş oldu. Həmçinin bu layihəni həyata keçirməklə böyük beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Layihədə 7 dövlət - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya dövlətləri iştirak edir. Eyni zamanda, Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro bununla bağlı Anlaşma Memorandumu imzalayıb, yəni, onlar da bu prosesdə iştirak edən dövlətlərdir.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının sonuncu iclasında Rumıniya və Türkmənistan da bu prosesə qatılmışdı. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu meqalayihə, nəticə etibarilə, dövlətlər arasında əməkdaşlığın güclənməsinə gətirib çıxarır. Bu da olduqca vacib məsələlərdən biridir. Bu layihədə Azərbaycanın təşəbbüskar ölkə kimi öz mənafeyi, tranzit ölkələrin mənafeyi, həmçinin istehlakçı ölkələrin mənafeləri tam şəkildə qorunmuş oldu. Bütün dünya gördü ki, Cənub Qaz Dəhlizi azad rəqabət layihəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan bu layihə, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu, eyni zamanda, enerji şaxələndirilməsi layihəsidir. Prezidentimizin çıxışlarında bir neçə dəfə qeyd etdiyi kimi, layihənin reallaşdırılmasına səbəb olan ən mühüm amil bütün dünyaya sübut etdi ki, enerji və siyasət bir-birindən ayrıla bilər, enerji siyasətin əlində bir alət olmaya bilər. Biz bunu dünyaya nümayiş etdirdik və öz əməli addımlarımızla təsdiqlədik. Beləliklə, artıq bir neçə gündən sonra TANAP layihəsi işə düşəcək. 2019-cu ildə TAP layihəsi reallaşdırılacaq. Bununla da Cənub Qaz Dəhlizi bu gün Avropanın ən böyük layihəsidir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən, Avropanın ən böyük layihəsi olan, yəni, 40 milyard dollardan artıq investisiya tələb edən bu layihə artıq reallaşıb. Bundan bütün tərəflər udacaq. Təbii ki, ən böyük uğur qazanan dövlətlərdən biri məhz Azərbaycandır.