YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yusif Abdullayev: Görülən işlər qeyri-neft məhsullarının ixracının artmasına geniş imkanlar yaradır

«Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə ölkəmizdə və xaricdə bu ilin ötən dövründə 33 tədbir və ikitərəfli görüş təşkil olunub». Bu barədə AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib

Y.Abdullayev qeyd edib ki, bu ilin əvvəlindən 4 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 5 anlaşma memorandumu imzalanıb. 2018-ci ilin əvvəlindən İxracatçılar Klubunun 4 iclası keçirilib, 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, sahibkarlıq subyektlərinə 1,7 milyon manat məbləğində ixrac təşviqi ödənilib. Ümumilikdə isə, indiyədək bu istiqamətdə sahibkarlara 5,3 milyon manat ödənilib.

«AZPROMO Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin xarici tərəfdaşları ilə işgüzar əlaqələrinin daha da genişləndirilməsi və ölkəmizin iqtisadiyyatına investisiya qoyuluşu istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək. Belə ki, məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədilə müvafiq beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi, sahibkarların xarici bazarlarda fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində uğurla həyata keçirilmiş tədbirlərin davamı olaraq, dövlət başçısının 2018-ci il 11 yanvar tarixli Fərmanına əsasən, 2018-ci ildə təşkil ediləcək ixrac missiyalarının və beynəlxalq sərgilərin sayı artırılıb. Ümumilikdə, bu il 13 ixrac missiyasının təşkili nəzərdə tutulur. İxrac missiyasının maksimum müddəti 4 gündən 6 günədək, iştirakçıların sayı isə 20-dən 30-a qədər artırılıb. Bütün bunlar Azərbaycanın iqtisadi və ticarət əlaqələrinin, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinin genişlənməsinə, qeyri-neft məhsullarının ixracının artmasına, xarici ölkələrə ixrac missiyalarının və Azərbaycana alıcı missiyalarının səmərəli təşkilinə geniş imkanlar yaradır»-deyə, Y.Abdullayev qeyd edib.