YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir

İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Baş nazir Novruz Məmmədov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşməkdən məmnunluğunu bildirib. Hazırda beynəlxalq vəziyyətin qeyri-sabit olmasının narahatlıq doğurduğunu deyən Baş nazir vurğulayıb ki, belə görüşlər qlobal vəziyyətlə bağlı proqnozlar barədə müzakirələr aparmağa imkan verir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə sadiq qalaraq Avropa İttifaqı ilə sıx əməkdaşlıq həyata keçirdiyini bildirən Novruz Məmmədov bu münasibətlərin bariz nümunəsi kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolunu qeyd edib.

Görüşdə Azərbaycanın Avropa və Asiyanı birləşdirən nəqliyyat qovşağı kimi rolu da vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti yönəldən Baş nazir Novruz Məmmədov problemin ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət heyətin rəhbəri, Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronik Roje Lekan səfər zamanı onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Diplomat ATƏT-ə üzv ölkələrə hər il belə səfərlərin təşkil olunduğunu deyib.

Nümayəndə heyətinin üzvləri bildiriblər ki, Azərbaycan gənc müstəqil dövlət olsa da, çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.