YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Şurasında “Azərbaycan fotoların gözü ilə” adlı sərgi təşkil olunub

Sentyabrın 30-da Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin dəstəyi ilə qurumun mənzil-iqamətgahında “Azərbaycan fotoların gözü ilə” adlı sərgi təşkil olunub.

Sərginin açılışında çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, bu sərgi həm Avropa Şurası, həm də Azərbaycan üçün önəmli hadisədir. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə belə sərginin açılması mühüm əhəmiyyət daşıyır. Ona görə ki, bu fotolarda Azərbaycan reallığı öz əksini tapıb. Təəssüflər olsun ki, Avropa Şurasında bəzən xüsusi məqsədlərlə ölkəmizi real olmayan tərəfdən göstərməyə çalışırlar. Amma ölkəmizlə bağlı reallıqları əks etdirən bu sərgi, bu həqiqət heç cür gizlədilə bilməz.

Səməd Seyidov Azərbaycan ilə Avropa arasında daha sıx əlaqələrin qurulmasında xüsusi fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyətinə belə bir sərgini təşkil etdiyinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, məhz bu Cəmiyyətin təşəbbüsü sayəsində bu gün belə bir sərgi Avropa Şurasında təşkil olunub. “Əminəm ki, bu sərgi sayəsində biz Avropa Şurası ilə bir-birimizi daha yaxşı başa düşməyə başlayacağıq. Bu, önəmlidir və bizdən çox Avropa Şurasına lazımdır ki, Azərbaycanı daha yaxından tanısın”, - deyə S.Seyidov əlavə edib.

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) direktoru Lionel Zetter çıxış edərək Avropa Şurasında belə bir sərginin təşkil olunmasından, bunun Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi və AŞPA-nın payız sessiyasına təsadüf etməsindən məmnunluq hissi duyduğunu bildirib.

AAC-ın Avropada Azərbaycanın maraqlarını müdafiə etdiyini diqqətə çatdıran direktor ölkəmizin tarixini, zəngin mədəni irsini avropalılara daha yaxından tanıtmaq məqsədilə qurumun müxtəlif tədbirlər keçirdiyini, Avropa Şurasının mənzil-iqamətgahında belə bir sərginin təşkilinin də həmin tədbirlərin davamı olduğunu bildirib.

L.Zatter Cəmiyyətin Avropanın altı ölkəsində ofisinin fəaliyyət göstərdiyini, sərgidə Azərbaycanın müxtəlif tərəflərini əks etdirən 85 fotonun nümayiş olunduğunu, bu fotolar arasında kəlbəcərli yaşlı insanların təsvir olunduğu fotonun xüsusi maraq doğurduğunu diqqətə çatdırıb.