YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Con Batçelor: Ermənilər ətraf mühitə qarşı da düşmənçilik edirlər

ABŞ-ın məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelorun Azərbaycan ilə bağlı hazırladığı növbəti verilişin qonağı ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov olub.

Bu veriliş Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə hazırlanıb.

Əvvəlcə Con Batçelor Gəncə haqqında qısa məlumat verib, bir vaxtlar Qərbə və ya Şərqə gedən karvanların məhz bu şəhərdə dayandığını qeyd edib. Bildirib ki, müasir dövrdə isə dəmir yolları və boru kəmərləri Gəncədən keçir.

Con Batçelor deyib ki, Gəncədə olduğu müddətdə o, Tərtər rayonuna da səfər edib, cəbhə xəttində olub. Aparıcı deyib ki, cəbhə xəttinə o, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun və general Hikmət Həsənovun müşayiəti ilə gedib, münaqişənin dəhşətlərini öz gözləri ilə görüb. Məcburi köçkünlər üçün cəbhə xətti yaxınlığında yeni qəsəbələr salınır ki, onlar öz rayonlarından uzaq düşməsinlər.

Səfir Elin Süleymanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən ətraflı məlumat verərək deyib: “Biz təmas xəttindəki regionlara səfər etdik və hər şeyi öz gözlərimizlə gördük. Təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsi 25 ildir davam edir. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var”.

Diplomat, həmçinin Azərbaycan dövlətinin məcburi köçkünlərin ehtiyaclarının qarşılanması, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə də toxunub. Bildirib ki, Prezident Əliyevin bu cür yanaşması Azərbaycanın həssas təbəqəsinə ünvanlanıb ki, onların bütün ehtiyacları ödənilsin və onlar özlərini təcrid olunmuş hesab etməsinlər.

Con Batçelorun regiondakı ölkələrlə müqayisədə Ermənistanın inkişaf etməməsi, Ermənistandan başqa, hamının zənginləşməsi fikrinə cavab verən səfir Elin Süleymanov vurğulayıb ki, işğal siyasətinə bağlı qalmaqla Ermənistan ona inkişaf gətirəcək işlərdən təcrid olunub. “Onlar da bu inkişafın bir hissəsi ola bilərdilər. Əsas ehtiyac duyulan məsələ sülh razılığının əldə olunmasıdır. Yəni, biz Azərbaycan xalqının təhlükəsizliyini istəyirik. Biz torpaqlarımızın azad olunmasını, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını istəyirik. Bunun üçün sülh lazımdır”, - deyə səfir vurğulayıb.

Con Batçelor proqramında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla rayonda kənd təsərrüfatının inkişafı, fermerlərin ehtiyaclarının ödənilməsi istiqamətində aparılan işlər barədə söhbətindən də danışıb.

Ermənistan tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılması, qışda isə daşqınlar yaradılması faktına toxunan Con Batçelor deyib: “Azərbaycanda torpaq çox məhsuldardır. İstənilən halda əkin üçün su lazımdır. Lakin biz cəbhə xəttində quraq ərazilər gördük. Ermənilər ətraf mühitə qarşı da düşmənçilik edirlər. Onlar regionun su təchizatını dayandırıblar”.

Səfir Elin Süleymanov qeyd edib ki, sovet dönəmində ovaxtkı Azərbaycan hökuməti həm ermənilərin, həm də azərbaycanlıların məskunlaşdıqları kəndləri su ilə təmin etmək üçün Sərsəng Su Anbarını inşa edib. Əslində, hazırda onun suvarma qabiliyyəti 300 min hektardır. Lakin təmas xəttində Azərbaycan tərəfinin 180 min hektarı suvarıla bilmir, çünki erməni tərəfi suyu çaya axmağa qoymur. Su yalnız qış mövsümündə ora axır. Yəni, bunun məqsədi nədir?!

Ermənistan tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılmasını, qışda isə daşqınlar yaradılmasını Azərbaycan, xüsusilə də Tərtər və ətraf rayonların yerli əhalisinə və ətraf mühitə qarşı müharibə kimi xarakterizə edən C.Batçelor bunu “terror” və “hərbi cinayət” adlandırıb.

C.Batçelor təmas xəttinin Azərbaycan tərəfində inkişafın, Ermənistanın işğal etdiyi ərazilərdə isə səfalətin müşahidə edildiyini vurğulayaraq qeyd edib ki, Ermənistan tərəfinin işğalçı siyasəti davam etdirməsi nəinki regional sülhə və sabitliyə ziyan vurur, Ermənistanı regionda həyata keçirilən layihələrdən təcrid edir və erməni xalqının gələcəyini zədələyir. ABŞ-da isə bu münaqişə haqqında kifayət qədər məlumatın olmaması məni narahat edir.

Səfir Elin Süleymanov münaqişənin 30 ilə yaxındır davam etdiyini deyib. Bu, nə Azərbaycan xalqına, nə də Ermənistan xalqına yaxşı nəticə vəd etmir.

Veriliş zamanı bu yaxınlarda Gəncə şəhərində baş verən təxribatlara da toxunulub.

Səfir Elin Süleymanov bildirib ki, təəssüf, bəzi güclər Azərbaycanda sabitliyi və ölkənin inkişafını istəmirlər. Onlar bunu pozmaq üçün istənilən vasitədən, - istər dini olsun, istərsə də digər, - istifadə etməyə cəhd göstərirlər.

Qeyd edək ki, ABŞ-ın məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” (Jonh Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycana səfər edib.

“Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir. ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radiokanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.