YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilib

Milli Məclisin bu gün keçirilən iclasında “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. 

Dəyişiklik insan alverinin qurbanı olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin repatriasiyası ilə bağlıdır. Mövcud qanunvericiliyə əsasən indiyə qədər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilməyib. Dəyişikliyə görə, bundan sonra həm də həmin şəxslər barəsində 1 il müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul olunmayacaq. Eyni zamanda 1 il müddəti başa çatdıqda, lakin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alveri ilə əlaqədar cinayət işləri üzrə cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxs barəsində cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq olunmur, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir.

Mövcud qanunvericiliyə əsasən indiyə qədər Azərbaycan Respublikasında yaşamaq hüququ verilmiş insan alverinin qurbanı immiqrant statusu əldə edib və bu statusdan irəli gələn bütün hüquq və vəzifələrə malik olub. Dəyişikliyə əsasən bu maddə ləğv edilir. Digər dəyişiklik viza ilə bağlıdır. İndiyə qədər insan alveri ilə əlaqəsi olduğu ehtimal edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmayıb, onlara verilən giriş vizaları etibarsız hesab edilib. Dəyişikliyə əsasən bundan sonra insan alveri ilə əlaqəsi olduğu ehtimal edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmayacaq, onlara verilən giriş vizaları ləğv ediləcək. 

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.