YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak ediblər

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak ediblər.

Avropa ilə Asiya arasında körpü olan respublikamızda idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkədə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna möhkəm zəmin yaradır.

Son illərdə Azərbaycana böyük turist axını müşahidə olunmaqdadır. Məhz bu baxımdan respublikamızda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər görülür. Bu otellərdə qonaqlara yüksək səviyyəli xidmətlər göstərilir. Digər tərəfdən, dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin tez-tez keçirildiyi məkana çevrilib. Bununla bərabər, ölkəmizdə qeyri-neft sektorunun inkişafı da başlıca prioritetlərdəndir.

Naftalanda inşası yenicə başa çatan “Qarabağ SPA and Resort” otel kompleksi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Son illərdə bölgələrdə istifadəyə verilən müasir mehmanxana kompleksləri arasında özəlliyi ilə seçilən bu müalicə və istirahət məkanında yaradılan yüksək şərait bir daha təsdiqləyir ki, bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır. Bu kompleks təkcə Naftalanın deyil, bütün bölgənin əhəmiyyətli turizm obyektidir.

Prezident İlham Əliyev otel kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, burada tikinti işlərinə 2012-ci ildən başlanıb. Görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Sahəsi 13 hektardan çox olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Burada balacalardan tutmuş böyüklərə qədər hamının maraq dairəsi nəzərə alınıb, onlar üçün guşələr yaradılıb. Tennis kortu, basketbol meydançası, qolf sahəsi istirahətə gələnlərə unudulmaz anlar bağışlayacaq. Helikopter meydançasının da olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları, geniş yaşıllıq zolaqları salınıb. 

Diqqətə çatdırıldı ki, otelin beşmərtəbəli binasında turistlərə ən yüksək səviyyədə xidmət göstəriləcək. Müxtəlif korpusları özündə birləşdirən kompleksdə yaradılan ideal şərait bir daha ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən diqqəti nümayiş etdirir. SPA terapiya üsullarına geniş yer verilən oteldə müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verir.

Bildirildi ki, 264 yerlik oteldə bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır. Onların ixtisaslarının artırılması ilə bağlı müvafiq işlər gedir və bu, gələcəkdə də davam etdiriləcək.

Sonra Prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşdü.

Daha sonra xatirə şəkli çəkdirildi.

Dövlətimizin başçısı və xanımı elektromobillə otelin ərazisini gəzdilər.