YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Goranboy” paylayıcı elektrik məntəqəsində görülən işlərlə tanış oldular

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Goranboy” paylayıcı elektrik məntəqəsində görülən işlərlə tanış oldular.

Dövlətimizin başçısının enerji müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkə əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının tam ödənilməsi, respublikada elektrik enerjisinin ixrac potensialının yaradılması sahəsində energetiklər qarşısında qoyduğu vəzifələrin icrası uğurla davam etdirilir. Əvvəllər ölkədə mövcud olan enerji problemləri dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən, müvafiq dövlət proqramları çərçivəsində bölgələrdə yeni elektrik stansiyalarının və yarımstansiyaların inşası nəticəsində tamamilə aradan qaldırılır. Bu da yeni generasiya güclərinin əldə olunmasına yol açır. Regionlarda bir-birinin ardınca istifadəyə verilən yarımstansiyalar və paylayıcı qurğular əhalinin elektrik enerjisi ilə davamlı təminatında həlledici rol oynayır. Bu mənada 330 kilovoltluq yeni “Goranboy” paylayıcı elektrik məntəqəsi bölgə üçün mühüm əhəmiyyət kəsb edəcək.

“Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, bu layihə üzrə “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə 330 kilovoltluq “İmişli” yarımstansiyası arasında çəkilmiş 330 kilovoltluq hava xəttinin ümumi uzunluğu 165 kilometrdən çoxdur. Layihə çərçivəsində 330 kilovoltluq “Goranboy” paylayıcı elektrik məntəqəsi tikilərək şəbəkəyə qoşulub və o, respublikada bu gərginlikdə ilk paylayıcı məntəqədir. “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə “İmişli” yarımstansiyası arasında hava xəttinin çəkilişi ilə yanaşı, 330 kilovoltluq 6-cı “Mingəçevir” və 5-ci “Mingəçevir” hava xətləri giriş-çıxışla paylayıcı məntəqəyə birləşdirilib. Burada müasir elektrik avadanlıqları quraşdırılıb.

Qeyd edək ki, bu infrastruktur layihəsi dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş Azərbaycanda yanacaq-enerji kompleksinin inkişafı üzrə 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilib. Görülən işlərin əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, bu infrastruktur layihəsinin həyata keçirilməsi “Azərbaycan” İstilik Elektrik Stansiyası, “Goranboy” paylayıcı elektrik məntəqəsi, “İmişli” yarımstansiyası, “Şirvan” Elektrik Stansiyası, “Abşeron” yarımstansiyası arasında enerji sistemində ikinci 330 kilovoltluq enerji dövrəsinin yaradılmasına və qonşu İran İslam Respublikası ilə enerji mübadiləsinin həcminin artırılmasına imkan verəcək. Müvafiq sxem dəyişikliyi etmək və avtotransformator quraşdırmaqla, paylayıcı məntəqəni yarımstansiyaya çevirmək mümkündür.

Gələcəkdə belə sxem dəyişikliyinin aparılması, işğaldan azad olunacaq ərazilərin elektrik enerjisi ilə təchizatının bu paylayıcı məntəqənin yarımstansiyasından həyata keçirilməsi nəzərdə tutulub. “Goranboy” paylayıcı elektrik məntəqəsinin ərazisi 15 hektardır. Burada 18 nəfər daimi işlə təmin olunacaq. Paylayıcı məntəqənin ərazisində abadlıq işləri də aparılıb, geniş yaşıllıq salınıb.