YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Avropa Parlamentinin “qətnaməsi” ikili standartların və ölkəmizə qarşı qərəzli münasibətin nümunəsidir

“Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı qəbul olunmuş son “qətnamə” ikili standartların və ölkəmizə qarşı qərəzli münasibətin daha bir nümunəsidir”. Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Qərbin bəzi dairələri və Avropa təsisatları tərəfindən sifariş xarakterli bu cür “sənədlər”in qəbul olunması dinamik inkişafa malik, dünyəvi müsəlman ölkəsi olan Azərbaycana qarşı gözügötürməzlikdən qaynaqlanır. Bu, həmçinin Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür.

“Məlumdur ki, əvvəllər də Azərbaycana qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən qarayaxma kampaniyaları Azərbaycan dövlətinin müstəqil xarici siyasət yürütməsi ilə bağlı olub. Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı antiAzərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktdır. Şübhəsiz ki, bu “qətnamə”nin hazırlanmasında da erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan dairələr, o cümlədən insan haqlarının müdafiəsi adı altında fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatlar, QHT-lər yaxından iştirak ediblər. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər. Elə bu səbəbdəndir ki, AP-nin qəbul etdiyi “qətnamə” barədə ilk məlumat məhz erməni mətbuatında işıqlandırılıb. Şübhəsiz ki, “qətnamə”nin qəbulunu onlar gözləyirdilər və bu məsələdə AP dəyirmanına su tökənlərin kim olduğu da artıq heç kimə sirr deyil. Bu baxımdan, Avropa Parlamentinin qəbul etdiyi “qətnamə”nin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Bu “qətnamə” gərəksiz kağız parçasından başqa bir şey deyil”-deyə, deputat qeyd edib.