YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva konfransın gündəliyi haqqında məlumat verib.

Sədaqət Vəliyeva bildirib ki, hazırda YAP Nizami rayon təşkilatının 13667 nəfər üzvü var, onlardan 6576 nəfərini gənclər, 6097 nəfərini isə qadınlar təşkil edir, rayon təşkilatının 141 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir: "1993-cü ildə yaradılmış Nizami rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir".

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin IV konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı təqdim edən rayon təşkilatı GB-nin sədri Sevinc Abdullayeva qeyd edib ki, GB-nin IV konfransında üzvlərinin sayı 5511 nəfər idisə, bu gün bu rəqəm 6576-dır. Bu müddət ərzində YAP Nizami rayon GB bir çox işlər görüb, öz sıralarını daha da genişləndirib: "YAP Nizami rayon GB-nin üzvlərinin 2590 nəfərini qadınlar təşkil edir. Gənc üzvlərimizin 3581 nəfəri ali, 1132 nəfəri orta ixtisas, 1863 nəfəri orta təhsillidir, 5 nəfəri isə elmlər namizədidir. Gənclərin 2205 nəfəri təhsil, 1701 nəfəri səhiyyə, 350 nəfəri idarəetmə sahəsində, qalan üzvlər isə digər idarə və müəssisələrdə çalışır, onların 410 nəfəri isə tələbədir. Sıralarımızda olan gənclərin 5 nəfəri Avropa Çempionu, 3 nəfəri Dünya Çempionu, 2 nəfəri Olimpiya medalçısı, 29 nəfəri Respublika Çempionu, 7 nəfəri İdman Ustası, 3 nəfəri Prezident Mükafatçısı, 9 nəfəri isə Ustalığa namizəddir. 12 gəncimiz isə 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etmadını qazanaraq, bələdiyyə üzvü seçiliblər. Hesabat dövründə YAP Nizami rayon GB-nin sıralarına 1065 nəfər qəbul olunmuşdur”.

Sonra hesabat ətrafında çıxışlar olub.

Çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı Əli Pənahov, YAP Nizami rayon təşkilatı Heydər Əliyev adına NEZ ərazi ilk partiya təşkilatının sədri Əhmədov Samir, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin Gənclər Qolunun sədri Regina Kovalyova IV konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonra təşkilati işlərə baxılıb, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP GB-nin növbəti konfransına nümayəndələri seçilib.

Konfrans iştirakçılarının yekdil səsverməsinə əsasən Sevinc Abdullayeva YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri, Ramil Vəlibəyov sədrin I müavini, Ramil Rüstəmov və Regina Kovalyova isə müavinləri seçiliblər.

Təşkilati məsələlərdən sonra çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva göstərilən etimada görə partiya rəhbərliyinə və gənclərə minnətdarlığını bildirib. Bildirib ki, YAP Nizami rayon təşkilatı Gənclər Birliyi bundan sonra rayonun və respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında aktiv olacaq, veriləcək tapşırıqları vaxtında və effektiv yerinə yetirəcəkdir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov konfransda çıxış ediblər.

Çıxışlardan sonra partiyaya yeni qəbul edilmiş gənclərə vəsiqələr, rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.