YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır

“Cəmiyyətin inkişafı, ilk növbədə, ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən çox asılıdır. Ona görə də cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır”. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, xalqımız hər zaman ailə dəyərlərini hər şeydən uca tutub və bu, bizim milli adət-ənənəmizə çevrilib. Onun sözlərinə görə, biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirir, gənc nəslin sağlam ruhda tərbiyə olunmasına çalışırıq. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu öndər Heydər Əliyev bu dəyərlərin qorunmasının vacibliyini daim vurğulayırdı.

“Konstitusiyamızda, qanunlarımızda ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları ilə bağlı xüsusi maddələr əks olunub. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit edilib. Məişət zorakılığının aradan qaldırılması haqqında qanunu icra etmək üçün müvafiq qanunvericilik aktlarına əlavələr edilib, yeni normativ hüquqi aktlar qəbul olunub. Ölkəmiz qadın hüquqlarının qorunması üzrə, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Ailə institutunun möhkəmlənməsi, gender bərabərliyinin təmin edilməsi dövlətimizin diqqətində olan mühüm məsələlərdən biridir. Bu istiqamətdə beynəlxalq hüquqa və ənənələrimizə söykənən hüquqi normativ aktlarımız var”, - deyə komitə sədri vurğulayıb.