YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımından bəhs edən film Kaliforniya televiziya kanallarında nümayiş etdirilir

Xocalı soyqırımından bəhs edən film Kaliforniya televiziya kanallarında nümayiş etdirilir.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, 2017-ci ildə Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filmi bir sıra yerli ictimai kanallarda nümayiş etdirilir.

Sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir. Sənədli filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun təşəbbüsü və dəstəyi, Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir.

Əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulmuş bu filmin nümayişinə Şimali Kaliforniyanın San Fransisko, San Xose, Kampbel, Mauntin Vyu, Los Altos, Palo Alto, Menlo Park, Aterton və digər şəhərlərindəki yerli ictimai kanallarda start verilib və nümayiş bir il müddətində davam edəcək. Sözügedən şəhərlər dünyanın yüksək texnologiyalar mərkəzi olan Silikon Vadisinə daxildir.

Filmdə eyni zamanda Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır.