YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır

"Məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı faciəsini tanıyıblar. Güman edirəm ki, bu faciəni qətliam kimi tanıyanların sayı artacaq. Ona nail olmalıyıq ki, bütün dünya bu soyqırımına siyasi qiymət versin".

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov partiyanın təşkilatçılığı ilə keçirilən "Xocalı soyqırımını unutmadıq!" adlı tədbirdə çıxışı zamanı deyib.

Əli Əhmədovun sözlərinə görə, 27 il əvvəl Azərbaycan tarixində ən dəhşətli faciələrdən biri baş verib. Soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov, 150 nəfər itkin düşüb, 25 uşaq hər iki valideynini itirib: "Qətlə yetirilən insanlar dinc, köməksiz insanlar olub. Bu mənada bu qətliam təkcə Azərbaycan xalqının başına gətirilən faciə deyil, dünyanın ən dəhşətli faciələrindən biridir. Xocalı qətliamı xalqın yaddaşındadır. Azərbaycan xalqı heç zaman qisasçı olmayıb, bizim istəyimiz odur ki, bu qətli törədənlər layiqli cəzasını alsınlar. Bir xalq olaraq, bu məqsədimizə nail olacağıq".

Əli Əhmədov qeyd edib ki, insanların təhlükəsizliyinin təmini üçün dövlətin gücü olmalıdır: "Dövlət zəif olanda torpaqlarını qoruya bilmir. Dövlətin gücü olmayanda kimlərsə onun torpağını işğal edirlər. 1990-cı illərdə bu hadisələrin baş verməsinin səbəblərindən biri də dövlətin öz torpaqlarını qorumaq üçün lazımi gücə malik olmaması idi".