YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

“Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın iqtisadi potensialı davamlı olaraq artır, dünya iqtisadiyyatında mövqeyi möhkəmlənir. Eyni zamanda, güclü iqtisadi potensiala malik olan Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir və əhalinin yüksək dövlət qayğısı ilə əhatə olunması bu siyasətin başlıca xüsusiyyətlərindən biridir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Dövlət başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çox mühüm fərman və sərəncamlar imzalayır, müvafiq qərarlar qəbul edir. Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı ilə sosial müdafiə tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Sərəncamla sosial müavinətlər və təqaüdlər, yəni 600 minə yaxın insana dövlət qayğısı əhəmiyyətli şəkildə artırılıb. Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradan sözügedən Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi kimi müddəalar yer alıb”.

Ölkəmizdə islahatların davamlı xarakter daşıdığını deyən millət vəkili bildirib ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq: “Prezident İlham Əliyev “Bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək”,-deyə qeyd edib. 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqının 38 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, həmçinin minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm addımlar atıldığını göstərir. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlı imzalanan Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılır. Bütün bu faktlar dövlətin öz vətəndaşlarına xüsusi diqqət və qayğısının bariz ifadəsidir”.