YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasirlik” mövzusunda elmi konfrans keçirilmişdir

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasirlik” mövzusunda elmi konfrans keçirilmişdir.

AMEA-dan bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları foyedə Mərkəzi Elmi Kitabxana tərəfindən təşkil edilmiş, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə tamaşa etmişlər.

Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışmışdır. Dahi şəxsiyyətin həyatını, fəaliyyət və mübarizəsini bütövlükdə Azərbaycan dövlətinin və xalqının inkişafına həsr etdiyini bildirən akademik, Azərbaycan tarixinin 35 illik bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmişdir. Vurğulamışdır ki, Ulu Öndər hələ sovet hakimiyyəti illərindən xalqını dövlət müstəqilliyinə hazırlamış, ölkədə milli özünüdərk proseslərinin dərinləşdirilməsi üçün çox böyük işlər həyata keçirmişdir.

Akademik Akif Əlizadə Azərbaycanın bütün sahələrinə olduğu kimi, elminə də daim diqqət və qayğı göstərən Ulu Öndəri ölkəmizin dövlət müstəqilliyinin baş memarı, əbədiyyət qazanmış tarixi şəxsiyyət kimi səciyyələndirmişdir. Bildirmişdir ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini uğurla davam etdirir, bununla da ölkəmiz dünya miqyasında yeni nailiyyətlərə imza atır.

Sonra AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli “Heydər Əliyevin müstəqil dövlətçilik ideyaları və müasir dövr” mövzusunda məruzə ilə çıxış etmişdir. Ulu Öndərin çoxşaxəli fəaliyyətindən geniş bəhs edən akademik, Ümummilli Liderin müstəqil dövlətçilik təliminin ayrı-ayrı istiqamətlərindən, ölkəmizin müasir dövrdə əldə etdiyi böyük uğurlardan danışmışdır. Akademik qeyd etmişdir ki, bütün ömrü boyu azərbaycançılıq andına sadiq qalmış Ulu Öndər tarixdə dövlətçiliyin Heydər Əliyev modelini yaratmışdır.

Heydər Əliyev siyasi xəttinin əbədiyaşar təlimində azərbaycançılığın xüsusi əhəmiyyətə malik olduğunu bildirən akademik, Ulu Öndərin milli dövlətçilik nümunəsi yaratdığını xüsusi vurğulamışdır. Bildirmişdir ki, Sovet İttifaqının ən sərt dövrlərində belə Heydər Əliyev Azərbaycan ziyalılarını qoruya bilmiş, milli kadrlara həmişə böyük üstünlük vermiş, xalqımızın müstəqilliyi uğrunda yorulmadan mübarizə apararaq buna zəmin yaratmış, müstəqilliyin ilk illərində xalqımızı, dövlətimizi parçalanmaqdan, qardaş qırğınından qorumuş, bununla da iqtisadiyyatın möhkəm təməllər üzərində qurulmasına xüsusi önəm vermişdir.

Akademik İsa Həbibbəyli bildirmişdir ki, bütün dünya azərbaycanlılarının ümummilli lideri zirvəsinə ucalmış Heydər Əliyevin ideyaları müasir dövrdə Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir, ölkəmiz bütün sahələrdə olduğu kimi, elm sahəsində də uğurlar qazanır.

Elmi konfransda “Heydər Əliyevin siyasi kursu: İlham Əliyevin yeniləşmə və varislik xətti”, “Azərbaycanda Heydər Əliyev Fondu: müstəqil dövlətçilik və müasirləşmə”, “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif mərhələlərinə elmi cəhətdən əhatəli nəzər salınmışdır.

Sonda AMEA-nın prezidenti, akademik Akif Əlizadə yekun sözü ilə çıxış etmiş, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı yeni istiqamətli elmi-tədqiqatların bundan sonra da davam etdirilməsinin xüsusi əhəmiyyətini vurğulamışdır.

Azərbaycanın elmi ictimaiyyətinin, bir sıra dövlət qurumlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbir boyu ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən slaydlar nümayiş etdirilmişdir.