YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Sərəncamı ilə Hüseynqulu Sarabskinin 140 illiyi qeyd ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladı.

Sənəddə qeyd olunur: “2019-cu ilin mart ayında görkəmli opera müğənnisi, aktyor, rejisor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyi tamam olur. 

Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak etmiş, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr vermişdir”.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi görkəmli sənətkar Hüseynqulu Sarabskinin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcəkdir.