YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Nəsimi ili” çərçivəsində Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylu ilə görüş keçirilib

Martın 14-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycanın böyük şairi və mütəfəkkiri  İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin  “Nəsimi ili” elan olunmasının böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə, dahi şair Nəsiminin yaradıçılığı Azərbaycan ədəbiyyatında mühüm yer tutur.

Tədbirdə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoy bildirib ki, Azərbaycanın dərin dini-fəlsəfi biliyə malik olan görkəmli şairi Nəsiminin ədəbiyyatımızın inkişafında ən böyük xidmətlərindən biri Azərbaycan dilində fəlsəfi qəzəlin banisi olmasıdır. Ona qədər Azərbaycan dilində fəlsəfi qəzəl yazan olmayıb. Həmin dövrdə ana dili ilə yanaşı, ərəbcə və farsca əsər yazan ilk Azərbaycan şairi də Nəsimi olub. Alimin sözlərinə görə, insan zəkasının və gözəlliyinin tərənnümçüsü olan şairin yaradıcılığına xas olan digər xüsusiyyət odur ki, Nəsimi bütün əsərlərini əruz vəznində yazıb. Əruz vəzni bizə ərəb dilindən gəlib. Nəsiminin xidmətlərindən biri odur ki, o, əruz vəznini dilimizə tətbiq edərək Azərbaycan dilinin təkmilləşdirilməsi və türk əruzunun formalaşmasına mühüm töhfələr verib.

M.Nağısoylu qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev ana dilimizin və elmimizin inkişafı ilə bağlı bir sıra mühüm addımlar atıb: “Bu addımlardan biri də Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli Sərəncamı idi. Ona görə ki, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir-şairimiz İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Prezident İlham Əliyev böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinin ölkəmizdə daha yüksək səviyyədə, layiqincə qeyd olunması məqsədilə 11 yanvar 2019-cu il tarixində “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi” haqqında daha bir Sərəncam imzaladı. Hər iki Sərəncamı Prezidentin ədəbiyyatımıza xüsusi diqqət göstərməsinin əyani sübutu kimi qiymətləndirmək olar.
Prezident İlham Əliyevin ədəbiyyatımızın ən görkəmli nümayəndəsi İmadəddin Nəsimi irsinə bu qədər böyük diqqət və qayğısı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə hesab olunur. Eyni zamanda, Azərbaycan ədəbi dilinin inkişafında misilsiz xidmətləri olan böyük sənətkarın şərəfinə Prezidentin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması Azərbaycanın elmi və ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir”.

Akademikin fikrincə, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Onun sözlərinə görə, Ulu Öndər hələ respublikaya rəhbərliyinin birinci dönəmində elmə, mədəniyyətə, ədəbiyyata və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşıb, bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Nəsimi yaradıcılığının dilimizdə və ədəbiyyatımızda oynadığı rolu nəzərə alan Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda Nəsiminin 600 illik yubileyi qeyd edilib. “Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi Azərbaycanda təntənəli surətdə qeyd edilib. Bununla yanaşı, Ulu Öndər 1973-cü ildə böyük söz ustadının 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsinə nail olub. Həmin tədbirlər zamanı şairin yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Yubiley çərçivəsində Azərbaycanda şairin əsərləri ərəb, fars, ingilis və başqa dillərə tərcümə olunub, onun ərəbcə və farsca yazdığı bəzi əsərləri isə doğma ana dilimizə tərcümə edilərək nəşr olunub. Bundan əlavə, 600 illik yubiley çərçivəsində Nəsiminin adının o vaxt Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna verilməsi də təsadüfi deyil. Çünki Nəsimi irsinin araşdırılması yönündə aparılan bütün tədqiqatlar sübut edir ki, Azərbaycan ədəbi dilinin tarixində, onun zənginləşməsində dahi şairin böyük xidmətləri olub. Buna görə onun adının əbədiləşdirilməsi məqsədilə 1973-cü ildə bizim İnstituta Nəsiminin adı verilib. Bununla yanaşı, 1973-cü ildə “Nəsimi” bədii filmi çəkilib. Yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində şairin möhtəşəm heykəli ucaldılıb”-deyən, akademik əlavə edib ki, Ümummilli Liderin həmin təşəbbüsünü, sözün əsl mənasında, Ulu Öndərin xalqımızın şairinə sahib çıxması baxımından da yüksək dəyərləndirmək olar. Çünki o dövrdə Nəsimini öz adlarına çıxmaq istəyənlər vardı. Məsələn, Türkmənistanda, İraqda, həmçinin Suriyanın Hələb şəhərində Nəsimini öz şairləri hesab edirdilər, hətta indi də belə cəhdlər olur. Bu da təsadüfi deyil. Nəsimi yaradıcılığı elə yüksək zirvədədir ki, ona göz dikənlər olduqca çoxdur. Məhz bu baxımdan, Nəsiminin Azərbaycan şairi, ədəbiyyatımızın görkəmli nümayəndəsi olmasının UNESCO xətti ilə bütün dünyaya elan edilməsi, tanıdılması Ulu öndərin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi.
Beləliklə, Nəsiminin yubileyinin ona layiq şəkildə qeyd edilməsi Ulu öndərin ədəbiyyatımıza nə dərəcədə böyük dəyər verdiyinin əyani sübutudur. Onun layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarını da həmin müdrik ənənənin davamı kimi qiymətləndirimək olar.

Sonra tədbirdə gənclərin sualları cavablandırılıb.