YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar İsgəndərov: Ermənilər tarixən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları törədiblər

“Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımıları həyata keçiriblər”. Bu fikri BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov deyib.

A.İsgəndərov  bildirib ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Onun sözlərinə görə, 1918-ci il martın 30-dan aprelin 2-dək Bakı və onun ətraf kəndlərində müsəlman əhalisi məqsədli şəkildə soyqırımına və talanlara məruz qalaraq 11 mindən artıq günahsız insan qətlə yetirilib. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda “Kaspi” qəzeti redaksiyasını, “Dağıstan”, “İsgəndəriyyə” və “İsmailiyyə”ni yandırmışdılar. “Kaspi” qəzeti redaksiyasında “Quran-Kərim”ın yenicə çap edilmiş 5 min nüsxəsi də yandırıldı. Bütövlükdə, qəddarlığı baxımından ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir. 
“Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. 1998-ci ildə imzalanmış Fərmanda qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə tədbirlər planına müvafiq işlər görülüb”, - deyə Anar İsgəndərov vurğulayıb.