YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: “Mediasiya haqqında” qanun layihəsi cəmiyyətimiz üçün çox vacib sənəddir

““Mediasiya haqqında” qanun layihəsi cəmiyyətimiz üçün çox vacib sənəddir. Düşünürəm ki, istər mülki mübahisələrin həllində istərsə də müəyyən istisnalar olmaqla cinayət və inzibati xətalar üzrə işlərin həll olunmasında bu qanunun öz rolu olacaqdır. Bu qanun bir növ barışıq institutunu rəsmiləşdirəcək. Bilirsiniz ki, elə cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə “Cəza siyasətinin humanistləşməsi ilə bağlı qanun” da qəbul etmişik. Mən deyərdim ki, “Mediasiya haqqında” qanun layihəsi də bu qanunun davamıdır. Məqsəd milli adət -ənənələrimizə uyğun olaraq qanunvericilikdə də hümanizm və barışıq prinsiplərinin təsbitidir”. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, bu qanun dünyanın əksər ölkələrində, o cümlədən, Rusiyada 2010-cu, Qazaxstanda 2011-ci, Latviyada 2014-cü ildən qəbul olunub. Eyni zamanda, Fransa, Bolqarıstan, Ukrayna, Belarusiya və dgər inkişaf etmiş, o cümlədən post-sovet dövlətlərində bu qanun qəbul olunub və tətbiq edilir.

“Bir sözlə, qanun layihəsi mütərəqqidir. Xüsusilə, qanunun 26 və 28-ci maddələrində ailə münasibətləri ilə bağlı mübahisələrin həlli ilə bağlı olan məsələləridir. Layihədə qeyd edilir ki, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər - nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər. Bu, çox müsbət haldır. Düşünürəm ki, bu qanun qəbul olunarsa ailə mübahisələri ilə bağlı, o cümlədən boşanmalarla bağlı bir çox problemlər öz həllini tapar. Eyni zamanda, bu qanun yeni iş yerlərinin yaranmasına da səbəb olacaq”-deyə, komitə sədri vurğulayıb.