YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum keçirilir

Oktyabrın 28-də Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum işə başlayıb.

Tədbirin açılışında BMT-nin baş katibinin gənclər siyasəti üzrə elçisi Əhməd Əlhəndavi gənclər siyasətinin inkişafı ilə bağlı keçirilən bu tədbirdə nazirlərin, ekspertlərin, lider gənclərin iştirak etdiyini və bunun mövzunun müzakirəsində aparıcı rol oynayacağını bildirib.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxudu.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd etdi ki, gənclər siyasəti bir çox ölkələrin aparıcı istiqamətlərindən biridir.

Azərbaycanda gənclərlə bağlı proqramların qəbul edildiyini deyən nazir Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə insan kapitalının inkişafına önəm verildiyini vurğuladı. O bildirdi ki, Azərbaycanda gənclər çoxluq təşkil edir və onların liderlik bacarıqlarının inkişafı üçün şərait yaradılır. Nazir Forumun gənclər siyasətinin inkişafı üçün beynəlxalq proqramın müzakirəsinə də yaxşı imkanlar yaratdığını dedi.
Forum iştirakçılarına videomüraciətində BMT-nin baş katibi Pan Gi Mun gənclər siyasəti üzrə birinci Qlobal Foruma ev sahibliyi etməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. “Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu Forumun keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu çox vacib məsələdir. Gənclər gələcəyin liderləridir və onların inkişafına xüsusi diqqət yetirmək lazımdır. BMT sizinlə işləməyə hazırdır”, - deyə baş katib qeyd etdi.