YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin hazırlıq səviyyəsi yoxlanılır

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və birinci müavin - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov müdafiənin ön xətti boyunca yerləşən hərbi hissələrin hazırlıq səviyyəsinin yoxlanılmasını davam etdiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 28-də nazirliyin rəhbərliyi gün ərzində birlik və birləşmələrin zabit heyəti ilə görüşüb, vəziyyətlə yerində tanış olub, qərargahlar tərəfindən tapşırıqların icrasını yoxlayıb, hərbi texnikanın döyüşə hazırlıq vəziyyəti, hərbi qulluqçuların gününün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıb.

Aparılan irimiqyaslı yeni tikinti və əsaslı təmir-bərpa işlərinin vəziyyəti ilə tanış olan müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tövsiyələrinə əsasən, bölgədə yerləşən hərbi hissələr üçün müasir standartlara cavab verən qərargah binaları, idarəetmə infrastrukturu, hərbi texnikalar üçün isidilən saxlanclar, o cümlədən şəxsi heyətin təhlükəsiz və rahat şəraitdə xidmətinin təşkili məqsədilə əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri, çörəkbişirmə sexi, mağazalar, idman şəhərcikləri və digər məişət obyektlərinin inşasına keyfiyyət baxımından xüsusi diqqət yetirilməsinə göstəriş verib.

Eyni zamanda hərbi qulluqçuların və onların ailə üzvlərinin rahatlığının təmin olunması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə dünya ordularının qabaqcıl təcrübəsinə əsaslanaraq tikilən hərbi şəhərciklərdə yaşayış binalarının, uşaq bağçalarının, məktəblərin, idman komplekslərinin və ailəvi istirahət mərkəzlərinin inşası da mühüm vəzifə kimi qarşıya qoyulub.
Görülən işlərin 2015-ci ilin yayında başa çatdırılması planlaşdırılır.