YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılışında iştirak edib

Oktyabrın 29-da Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.

Forumun Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, gənclər siyasəti, idman və həyatın bir çox sahələrinin inkişafına ölkəmizdə xüsusi diqqət göstərilir.

Əhalimizin böyük əksəriyyətinin savadlılıq səviyyəsinin yüksək olduğunu, gənclər siyasəti ilə bağlı Dövlət proqramlarının qəbul edildiyini, dövlət büdcəsindən maliyyələşən Gənclər Fondunun fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi həyatında gənclərin fəallığının sevindirici hal olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı hər bir ölkənin gələcəyini müəyyən edən təhsilin inkişafına, informasiya-kommunikasiya texnologiyalarından istifadəyə Azərbaycanda da xüsusi əhəmiyyət verildiyini dedi. Hazırda Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı bir çox işlərin görüldüyünü bildirən Prezident İlham Əliyev ali məktəblərimizin də dünyanın nüfuzlu universitetləri ilə səmərəli əməkdaşlıq qurduqlarını qeyd etdi.

Dövlətimizin başçısı vurğuladı ki, ölkəmizdə idmanın inkişafı da prioritet elan olunub. Gənc idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər. Gələn il isə ölkəmizin həyatında daha bir tarixi hadisə yaşanacaq, Bakıda 6 mindən çox idmançının iştirak edəcəyi ilk Avropa Oyunları keçiriləcək. Bundan əlavə, 2017-ci ildə Bakı İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu da ölkəmizin mədəniyyətlər və sivilizasiyalar arasında mühüm körpü olduğunu göstərir. Bu, həm də uzun illərdir tolerantlıq məkanı olan ölkəmizin müxtəlif mədəniyyətləri bir arada birləşdirməsindən irəli gəlir.

Prezident İlham Əliyev bu gün Azərbaycan gəncliyinin müasir innovasiyaların inkişafında yaxından iştirak etdiyini, iki il əvvəl təqdim olunan “ASAN xidmət”in heyətinin də əsasən gənclərdən təşkil edildiyini diqqətə çatdırdı.

Nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxmasına dair 4 qətnamə qəbul etdiyini, lakin bunun hələ də yerinə yetirilmədiyini, münaqişənin yalnız beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasının vacibliyini bildirdi.

Prezident İlham Əliyev 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üz qəbul olunan Azərbaycanın iki il ərzində fəal işlədiyini, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini vurğuladı. “Bu, göstərdi ki, Azərbaycan beynəlxalq arenada böyük inam və etimad qazanıb”, - deyən dövlətimizin başçısı ölkəmizin yerləşdiyi regionda mühüm rol oynadığını, bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinin Azərbaycanın adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün nəhəng enerji və nəqliyyat layihələrinin həyata keçirildiyi Azərbaycanda demokratik təsisatların inkişafı ilə bağlı bir çox tədbirlər görülür.

Prezident İlham Əliyev son illərdə dünyada artım sürətinə görə öndə gedən Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı görülən işlərdən də danışdı, bir çox sahələri əhatə edən uğurlu islahatların aparıldığını bildirdi.

Dövlətimizin başçısı sonda forumun işinə bir daha uğurlar arzuladı.