YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaqif Əliyev: Türkiyə indiyədək TANAP-la 1,5 milyard kubmetr Azərbaycan təbii qazı alıb

Türkiyə bu vaxtadək TANAP-la 1,5 milyard kubmetr Azərbaycan təbii qazı alıb.

Bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev deyib.

“Aprelin 1-dək TANAP vasitəsilə Türkiyəyə təxminən 1,5 milyard kubmetr Azərbaycan qazı daşınıb. Aprelin 15-də isə TANAP-ın ikinci fazasında son mərhələyə başlanılıb və sistemə qaz vurulub. Boru kəmərinin nəqletmə qabiliyyəti əlavə investisiyalarla ildə 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrədək artırıla bilər. “Botaş” şirkəti ilə bundan sonrakı əməkdaşlıq imkanlarımızı qiymətləndiririk”, - deyə o bildirib.

Xatırladaq ki, keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.

TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99 faizi başa çatıb. Boru kəməri bu il “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.