YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər siyasəti üzrə birinci qlobal forum Bakı Bəyannaməsinin qəbulu ilə başa çatdı

Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forum oktyabrın 30-da başa çatıb.

Forumun sonuncu günü keçirilən regional sessiyalarda Afrika, Ərəb ölkələri (Qərbi Asiya), Asiya və Sakit Okean, Avropa və Mərkəzi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı görülən işlər müzakirə edilib, təcrübə mübadiləsi aparıldı.

Sonra sessiyaların moderatorları müzakirələrlə bağlı hesabat verdilər. BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndavinin moderatorluğu ilə keçirilən sessiyada çıxış edənlər gənclərin siyasi proseslərdə iştirakı və bu proseslərə göstərdikləri təsir, dünya gənclər təşkilatlarının fəaliyyəti, gənclər arasında işsizliklə bağlı problemlər, gənclərin sahibkarlıq fəaliyyəti, yaxşı ali təhsil almağın əhəmiyyəti haqqında danışdılar. Müxtəlif ölkələri təmsil edən nümayəndələr “Ebola” virusuna qarşı birgə mübarizənin vacibliyini vurğuladılar, bu işdə həmrəyliklərini nümayiş etdirdilər.

Sonra BMT baş katibinin 2015-ci ildən sonrakı İnkişaf Planı üzrə xüsusi məsləhətçisi Əminə Muhammadın forum iştirakçılarına videomüraciəti nümayiş olundu. Müraciətdə dünya gənclərinin ilk qlobal tədbirinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə olundu, forumun əhəmiyyəti vurğulandı.

Daha sonra forumun “Nəticələr, öhdəliklər və fəaliyyətlər” mövzusunda son sessiyası keçirildi. Avropa Şurası gənclər departamentinin təhsil və təlim bölməsinin rəhbəri Rui Qomesin moderatorluğu ilə keçirilən sessiyada üç gün ərzində forumda aparılan səmərəli müzakirələrdən, səsləndirilən maraqlı ideyalardan danışıldı.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək forumda gənclərlə bağlı bir sıra mühüm məsələlərin müzakirə olunduğunu bildirdi. Nazir müzakirələr zamanı əsas diqqətin gənclər və dövlət, gənclər və cəmiyyət arasında münasibətlərə ayrıldığını söylədi. O, forumun gənclərə təcrübə mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını və bu tədbirin bir çox maraqlı məqamlarla yadda qaldığını diqqətə çatdırdı.

A.Rəhimov dedi ki, gələcəyimiz olan gənclərə böyük diqqət göstərmək çox vacibdir. Onların inkişafı üçün ən önəmli məsələlərdən biri də keyfiyyətli təhsildir. Azərbaycan coğrafi baxımdan çox önəmli məkanda yerləşir. Biz gənclərimizin digər ölkələrin gəncləri ilə daim ünsiyyətdə olmalarını və yaxşı təcrübə qazanmalarını istəyirik.

Azərbaycanın dünyada baş verən proseslərə ciddi yanaşdığını vurğulayan A.Rəhimov Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizin “Ebola” virusu ilə mübarizə üçün BMT-nin Qlobal Fonduna bir milyon dollar yardım edəcəyini xatırlatdı.

Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah bildirdi ki, biz forumda əldə etdiyimiz təcrübəni öz ölkəmizdə gənclər siyasətinin inkişafında istifadə edəcəyik. Forum dünya gəncləri üçün böyük əhəmiyyətə malikdir. Küveytli nazir növbəti forumun da bu cür müvəffəqiyyətlə keçiriləcəyinə əminliyini ifadə etdi, bu tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi.

Sonda forumun Bakı Bəyannaməsi qəbul olundu.

Bununla da üç gün davam edən Gənclər siyasəti üzrə birinci qlobal forum öz işini başa çatdırdı.