YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycanın münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir

“Nikol Paşinyanın timsalında Ermənistanda hakimiyyətə gəlmiş və onu daha da möhkəmləndirməkdə olan qüvvələrlə ona qarşı dayanan müxalif tərəflər arasında ziddiyyətlər yeni məzmun kəsb etməyə başlayır. Onu da nəzərdən qaçırmayaq ki, Nikol Paşinyana müxalif radikal qüvvələrin başında Dağlıq Qarabağın erməni klanı dayanır. Əslində, onlar arasında “kim-kimi” prinsipi üzrə açıq mübarizəyə start verilib. Bu mübarizənin kompromissiz olacağını proqnozlaşdırmaq elə də çətin deyil”. Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Nikol Paşinyan artıq açıq mətnlə Dağlıq Qarabağdakı rejimin qondarma “rəhbəri” Bako Saakyanı və ətrafını ittiham etməkdən çəkinmir. O qeyd edir ki, Bako Saakyan Serj Sarkisyan qüvvələrinə işləyir və 9 dekabr erkən parlament seçkilərində müxalif Ermənistan Respublika Partiyasını müdafiə etmişdir. Yaxın zamanlarda Nikol Paşinyan -- Bako Saakyan qarşıdurmasının açıq müstəvidə yeni məzmun kəsb edəcəyini proqnozlaşdırmaq olar. Məsələyə eyni məntiqlə yanaşsaq seçkiöncəsi zaman kəsimində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi də təsadüfi sayılmamalıdır. Son parlament seçkilərindən sonra tərəflər bir-birinə qarşı açıq müharibə elan etdiklərini gizlətmirlər. Bu mübarizədə Nikol Paşinyan Dağlıq Qarabağ klanını siyasi səhnədən tam uzaqlaşdıra bilsə, bu, onun ikinci qələbəsi olacaq. Bu hadisənin regionun təhlükəsizliyi üçün faydalı ola biləcəyinı ehtimal etmək mümkündür.

“Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Bunu cari il martın 29-da Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında Vyanada keçirilən görüş də təsdiqlədi. Görüşün yekunu oaraq, birgə bəyanat qəbul edildi. Həmin sənəd Vyana görüşünün substantiv xarakter daşıdığını və əhatəli olduğunu göstərir. Ermənistanda parlament seçkilərindən sonra eyforiyada olan ölkə rəhbərliyi işğal altındakı Azərbaycan torpaqlarında yaratdıqları qondarma rejimi hər vəchlə leqallaşdırmaq üçün danışıqlar formatının dəyişdirilməsi istəyini açıq-aydın büruzə verirdi. Birgə bəyanat, ilk növbədə, Ermənistan tərəfinin son dövrdə danışıqların formatının dəyişdirilməli olduğuna, bunun baş vermədiyi müddətdə münaqişənin mahiyyəti üzrə danışıq apara bilməyəcəklərinə dair verdikləri bəyanatların iflasa uğradığına dəlalət edir. Vyana görüşü bu istəyin əsassız olduğunu və onun reallaşdırılmasının mümkün olmadığını Ermənistan tərəfinə nümayiş etdirdi. Prezident İlham Əliyev də görüşdən sonra verdiyi açıqlamada bildirdi ki, danışıqların formatı dəyişməz qalır.
Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin nizamlanmasında öz qəti mövqeyini dəfələrlə bəyan edib. Bu mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağ ermənilərinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir”-deyə, E.Nəsirov vurğulayıb.