YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Saatlı rayon təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

19 iyun 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının təşkilatçılığı ilə rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan xalqının çoxəsirlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş bədii qiraət müsabiqəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, 2019-cu ildə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı üzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin həmin vaxt keçirilməsi şairin irsinin ölkəmizdə sistemli təbliğinə təsadüf etməklə, şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş, 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.

Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 11 yanvar tarixdə imzaladığı Sərəncamla 2019-cu il  Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilmişdir. Bu Sərəncam dövlət başçısının bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir nümunəsi, yüksək səviyyədə münasibətin göstəricisidir.

Daha sonra müsabiqə iştirakçıları tərəfindən Nəsiminin qəzəlləri səsləndirilib. Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olan İmadəddin Nəsiminin əsərlərindəki dərin poetik fikirlər, fəlsəfi görüşlər və dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə edilib. Müsabiqədə münsüflər heyətinin qərarı ilə ilk üç yeri tutan qaliblər hədiyyələr və diplomlar, fəal iştirakçılara isə  Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının Fəxri Fərmanları təqdim olunub.