YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Bolqarıstan strateji tərəfdaşlardır

İyunun 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Xalq Məclisinin Sədri xanım Tsveta Karayançevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin dərin köklərinin olduğunu deyib. Sədr qeyd edib ki, hələ Sovet İttifaqının dağılmasına qədər iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində sıx əlaqələr qurulmuşdu. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra bu münasibətlər daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Ölkələrimiz arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Siyasi əlaqələrin inkişafında dövlət başçılarımızın və onların qarşılıqlı səfərlərinin mühüm rolu var. Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" qarşılıqlı əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir. Hazırda Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqda davam edir. Ticarət dövriyyəsini daha da artırmaq üçün geniş potensial mövcuddur.

Sədr bildirib ki, bu gün ölkələrimiz enerji sahəsində də uğurlu əməkdaşlıq edir. Bolqarıstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olan Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Azərbaycan Bolqarıstan vasitəsilə Avropaya enerji daşıyıcıları təchizatı ilə bağlı layihələri inkişaf etdirmək niyyətindədir.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən xanım Tsveta Karayançeva iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

Söhbət zamanı təhsil, mədəniyyət, parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığı yüksək qiymətləndirilib, parlamentlərarası dostluq qruplarının fəaliyyətlərinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, hər iki ölkənin səfirləri Nərgiz Qurbanova, Nikolay Yankov və digər rəsmi şəxslər iştirak ediblər.