YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

QDİƏT: Ermənistan etiraf etdi ki, zəmanət məktubu gəlib, ancaq parlamentin dəftərxanasında itirilib

Ermənistan nümayəndə heyətinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 53-cü iclasında iştirakı üçün onlara zəmanət məktubları verilib.

Bunu QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev Ermənistan nümayəndə heyətinin iclasda iştirak etməməsinə münasibət bildirərkən deyib.

A.Hacıyev bildirib ki, Ermənistan nümayəndə heyəti həmişə olduğu kimi, öncədən dəfələrlə zəmanət məktubu istədi: “Həmin məktub da onlara verildi. Azərbaycan bir daha dünyaya göstərdi ki, burada hər kəs üçün lazımi təhlükəsiz şərait yaradılır. Ermənistan həmişə olduğu kimi, əvvəlcə zəmanət məktubu istəyir və düşünür ki, biz onlara məktub verməyəcəyik”.

Baş katib əlavə edib ki, bundan əvvəl Bakıda keçirilmiş Assambleyada da ermənilər dəfələrlə məktub istəyiblər: “Məktub göndərildi, amma sonra dedilər ki, gəlməyib. Biz onlara sübut etdik ki, məktub göndərilib və təsdiqləmisiniz. Ondan sonra Ermənistan nümayəndə heyəti etiraf etdi ki, məktub gəlib, ancaq parlamentin dəftərxanasında itirilib. Bu, qeyri-ciddi haldır. Ermənilər oyun oynayırlar”.

Qeyd edək ki, ötən gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası başlayıb. İclasın gündəliyinə QDİƏT-in iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir. İclasda təşkilata üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, beynəlxalq qurumların təmsilçiləri, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qrupları iştirak ediblər.

İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasına sədrlik Azərbaycandan Bolqarıstana keçib.