YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam edir. Pensiya və müavinətlər, əhalinin ən müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının imzaladığı çoxsaylı Fərman və Sərəncamlar, xüsusilə bu ilin əvvəlindən həyata keçirilən sosial islahatlar dövlətin bu istiqamətdə davamlı siyasətinin nəticəsi hesab olunur. Azərbaycan dövləti vətəndaşların rifahının yüksəldilməsini, onların daha yaxşı yaşamasını təmin etməyi başlıca vəzifə hesab edir. Həyata keçirilən islahatlar, icra olunan çoxsaylı proqramlar - reallaşan sosialyönümlü layihələrdə də məqsəd budur. Bu siyasətin əsas özəlliklərindən biri də onun ardıcıl, davamlı xarakter daşıması və əhalinin ən müxtəlif təbəqələrini əhatə etməsidir.

Bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsı naziri Sahil Babayev deyib: “Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində sosial sahə, əhalinin rifah halının yaxşılaşdırlması dayanır. Dövlət başçısı hələ ötən ilin aprelində ümumxalq dəstəyi ilə növbəti müddətə Prezident seçiləndən sonra sosial sahədə aparılacaq islahatlar barədə bəyan etmişdi. Həmin siyasətin ana xəttini ötən il imzalanmış Sərəncam və Fərmanlar, Prezidentin qanunvericilik təşəbbüsləri təsdiq edir. Ötən il imzalanan sənədlər ümumilikdə sosial sahədə islahatların çoxşaxəli aparılmasını şərtləndirdi. Əmək, məşğulluq, sosial müdafiə sahələrində instutisional quruculuq prosesləri geniş vüsət aldı, bu istiqamətdə sosial sahədə innovativ yenilik kimi bu il mayın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və agentliyin ilk DOST mərkəzi fəaliyyətə başladı.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi kimi reallaşdırılan DOST layihəsi dövlət sosial xidmətlərinin vahid platformadan, bir pəncərədən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına imkan verir. Dövlət başçısının ötən il sentyabrın 1-də imzaladığı Fərmana uyğun olaraq, nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində 18 alt-sistem (o cümlədən tezliklə istifadəyə veriləcək “Məşğulluq” alt-sistemi), “e-sosial” internet portalı yaradılıb. Ölkəmizdə ilk proaktiv xidmət kimi bu ilin əvvəlindən elektron pensiya təyinatına başlanılıb. Sosial təqaüd və müavinətlərin də avtomatlaşdırılması sahəsində işlər aparılır.

Həmçinin, sosial təminat, sosial müdafiənin gücləndirilməsi üçün çoxsaylı müxtəlif Sərəncam və Fərmanlar verilib. Bu ilin əvvəlindən sosial sahədə inqilabi addımların atılmasına imkan verən sosial paketin ilk mərhələsi kimi, martın 1-dən etibarən minimum əməkhaqqı ölkəmizdə 130 manatdan 180 manata qaldırıldı və bu, 600 mindən çox vətəndaşı əhatə etdi. Sosial paketin ikinci mərhələsində isə iyunun 18-də imzalanan sərəncamla minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı. Minimum əməkhaqqının artırılaraq 250 manata çatdırılması dövlət və özəl sektorda çalışanlardan 950 minədək insanın əməkhaqqının artmasına imkan verib. Onların sırasında əməkhaqqı 250 manata qədər olanlarla yanaşı, əməkhaqqı həmin səviyyədən yuxarı olanlar da var. Minimum əməkhaqqı artan zaman 19 pillədən ibarət Vahid Tarif Cədvəlinə uyğun şəkildə artırılır. Əməkhaqqının ən aşağı pilləsi, yəni minimum əməkhaqqı artdıqca bu, digər yuxarı pillələr üzrə olan əməkhaqlarında da artımı şərtləndirmiş olur. Eyni zamanda, minimum əməkhaqqı məbləği 250 manata çatdırılmaqla yaşayış minimumunu artıq 40 faiz üstələmiş oldu. Bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin daha bir əyani təzahürü, dövlətin sosial inkişafının göstəricilərindən biridir. Ümumilikdə isə bu il ərzində ölkəmizdə minimum əməkhaqqının 92 faiz artırılmasına nail olunub.

Digər tərəfdən isə Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə yox, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə qalxdı. Minimum əməkhaqqının artırılması ilə dövlət böyük vəsait ödənişinə gedərək vətəndaşların sosial rifahını gücləndirdi”.

Nazir deyib: “Ölkəmizdə işləyən hər bir kəs yaşayış minimumu üzərində vəsait əldə etməklə öz sosial rifahını təmin edəcək. Digər tərəfdən bunun özəl sektora da böyük təsiri var. Belə ki, bu, özəl sektorda da rəqabət qabiliyyətini gücləndirən və əmək bazarına müsbət təsir edən bir amildir. Minimum əməkhaqqının artımı 950 min nəfərin həyatına birbaşa təsir etməklə onların gəlirlərinin artması ilə, eyni zamanda Azərbaycanın makroiqtisadi və beynəlxalq göstəricilərinə çox müsbət təsir etməklə birbaşa həm ölkəmizin inkişafına, həm də əhalinin sosial rifahı üçün çox böyük əhəmiyyətli bir addımdır. Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, dövlətimizin gəlirləri artdıqca bu gəlirlər məhz əhalinin rifahı, vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün xərclənsin. Bizim iqtisadiyyatımızın inkişafı, gəlirlərin mütəmadi artması belə bir ciddi artımlar etmək və bunun həyata keçirilməsinə nail olmaq imkanı verir.

Əməkhaqqı ilə bağlı bir məqamı da qeyd etmək yerinə düşərdi. Budəfəki sosial paket nəticəsində minimum əməkhaqqı artımı ilə yanaşı, dövlət sektorunda işləyən təqribən 400 min vətəndaşın əməkhaqqı da artırıldı. Ümumilikdə bu əməkhaqqı artımı 1 milyon 350 min vətəndaşın əmək haqqının artmasına imkan verdi.

Sosial sahədə yeni inqilabi addımlar olan bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə 660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılacaq. Eyni zamanda, bu ilin aprelində Prezident İlham Əliyev tərəfindən inqilabi qərar qəbul edildi və Azərbaycanda sosial müavinətlərin məbləği orta hesabla iki dəfə artırılaraq 600 min vətəndaşı əhatə edən geniş bir paket qəbul edildi və hazırda icra edilir. Həmin iki dəfəlik artım çox ciddi bir irəliləyişdir və növbəti mərhələdə digər kateqoriyadan olanları da həmin səviyyəyə çatdırdıqdan sonra yenidən həmin məsələyə baxılacaq.

Əməkhaqqı islahatı çərçivəsində illik 2 milyard manatlıq bir vəsaitin vətəndaşlara ödənilməsi onların alıcılıq qabiliyyətini artıracaq və bu vəsaitlər ilk növbədə istehlaka yönəldiləcək. İstehlaka yönələn istənilən vəsait bazarda tələb artanda təklifin artmasını stimullaşdırır, həm kiçik və orta sahibkarlığın, həm kənd təsərrüfatı və sənayedə məşğul olanların imkanlarının genişləndirilməsinə xidmət edir. Ona görə də birmənalı olaraq bu, çox müsbət amildir və ölkə iqtisadiyyatına öz töhfəsini verəcək.

Minimum pensiyaların artırılması barədə danışan nazir deyib: “Prezident İlham Əliyev tərəfindən bu sahədə də çox mühüm əhəmiyyətli qərar qəbul edildi və ilin əvvəlindən etibarən indiyədək minimum pensiya 72 faiz artırıldı. Əvvəlcə 116 manatdan 160 manata, indiki mərhələdə isə 200 manata çatdırıldı. Bu qərar oktyabrın 1-dən qüvvəyə minəcək, bu islahat 660 min nəfəri əhatə edəcək. Gələn ildən isə onların hər biri indeksasiyaya görə 220-230 manat pensiya alacaq. Əlavə olaraq, pensiya sahəsində islahatın tərkib hissəsi olaraq 100 min vətəndaş xüsusi şərtlərlə pensiya təyinatı alanlardır və onların pensiyalarının artımı işləmiş olduğu sahələrdə əməkhaqlarının artımı ilə həyata keçirilir. Beləliklə də, həmin sahələrdə indiki əməkhaqqı artımları nəticəsində həmin pensiyaçılardan ibarət 94 min nəfərin pensiyaları orta hesabla 30 faiz artacaq. Ona görə də bu günlərdə həm minimum pensiyanın artımı, həm də dövlət sektorunda əmək haqlarının artımı ümumilikdə pensiya sahəsində 750 min nəfəri əhatə edəcək ki, bu da pensiyaçıların 60 faizi deməkdir.

Digər tərəfdən, pensiya qanunvericiliyinə görə hər ilin əvvəlində pensiyalar əvvəlki ilin orta əməkhaqqının artım faizi əsasında indeksasiya edilərək artırılır və builki əməkhaqqı artımı proqnoza görə ilin sonunda təqribən 15 faiz civarında gözlənilir və nəticədə gələn ilin əvvəlindən bütün pensiyaların da həmin faiz üzrə, yəni 15 faiz artırılması proqnozlaşdırılır. Bu o deməkdir ki, gələn ilin əvvəlindən indeksasiya nəticəsində pensiyalarda daha 15 faiz artım olacaq. Başqa sözlə, bu ilin əvvəlində 116 manat pensiya alan vətəndaşın pensiyası indi 200 manata çatır, gələn ilin əvvəlində 15 faiz artımla 230 manata çatacaq və beləliklə, bir il ərzində minimum pensiya artıq 100 faiz artmış olacaq. Minimum pensiya 250 manata çatandan sonra MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə Azərbaycan birinci yerdə olacaq.

Minimum pensiyanın 200, minimum əməkhaqqının 250 manat meyarında müəyyən edilməsi Beynəlxalq Sosial Xartiyadan irəli gələn tövsiyələrə də tam şəkildə uyğun gəlir. Çünki artıq minimum pensiya minimum əməkhaqqının 80 faizi olacaq və Azərbaycan üzrə pensiyaçıların yaşayış minimumu 149 manat olduğunu nəzərə alsaq, bu seqmentdə ən azı 35 faiz üstünlük təşkil edəcək”.