YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanda pensiya islahatları: yeni inkişaf mərhələsinin əsas hədəfləri” mövzusunda media nümayəndələri və ekspertlərin iştirakı ilə görüş keçirilib

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev noyabrın 7-də “Azərbaycanda pensiya islahatları: yeni inkişaf mərhələsinin əsas hədəfləri” mövzusunda media nümayəndələri və ekspertlərin iştirakı ilə görüş keçirib.  Görüşdə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin imzaladığı 4 noyabr 2014-cü il tarixli sərəncamla təsdiq olunan “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” barədə ətraflı məlumat verilib.

Elman Mehdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çevik siyasət və çoxşaxəli fəaliyyət əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli ölkəmizdə yeni iqtisadi sistemə sürətli keçidi şərtləndirərək sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin etmişdir.  İnkişafın başlıca hədəfinin sosial rifahın gücləndirilməsi olmasının əsas strateji kurs seçilməsi nəticəsində  iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilmişdir. Tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi təyin olunması Azərbaycanın milli iqtisadiyyatının sosial yönümlülüyünü daha da artırmışdır.

DSMF sədri qeyd edib ki, bu gün ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir və bu əsasda formalaşan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik şəraitində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatmışdır. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2014-ci ildə 5% nəzərdə tutulmuşdur. Hazırda 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 8,8 % təşkil etdiyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,52%-i qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə (0,3-0,48%) uyğundur.

Bütün bunların nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunmuş və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapmışdır. Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə çoxdur. Eləcə də MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus 165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşmışdır. Həmin nisbət Azərbaycanda 95,2%, Belarusda 79,8%, Rusiyada 70,4% təşkil edir.

E.Mehdiyev bildirib ki, bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Çünki beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi, bu sistemlərin hazırkı cəlbediciliyi və sosial imtiyazlar təqdim etməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaları ilə ölçülür.

“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın əhəmiyyətindən söz açan DSMF sədri sənədin ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıdığını vurğulayıb.

E.Mehdiyev həmçinin bildirib ki, yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olunması, pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi növbəti mərhələdə  islahatının əsas məqsədini təşkil edir. Bunlara nail olmaq üçün pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması islahatın əsas vəzifələri kimi çıxış edir.     

E.Mehdiyev qeyd edib ki, Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləğinin uyğunluq təşkil etməsinə,  pensiya təminatı sistemində yığım potensialının və sosial ədalətin güclənməsinə imkan verəcəkdir. Bununla yanaşı,  pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaqdır.

Konsepsiyada nəzərdə tutulmuş pensiya təminatında dövlət öhədəilikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsi məsələsinə aydınlıq gətirən E.Mehdiyev bildirmişdir ki, Azərbaycanda həyata keçirilən pensiya islahatlarının mühüm cəhəti əvvəlki sistemlə əhatə olunmuş, yəni sığortaolunanların fərdi uçotu sisteminin iştirakçısı olmayan  insanların da davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə tam inteqrasiyasıdır.  Bu məqsədlə həmin şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış, onlar pensiyaların artım və indeksləşdirmənin yeni qaydaları ilə əhatə olunmuşlar. Digər tərəfdən, əvvəllər pensiyaya çıxmış şəxslərin pensiyaları ölkə üzrə ən yüksək orta aylıq əməkhaqqı nisbətinə uyğun olaraq əvəzsiz sığorta kapitalı müəyyənləşdirilməklə  yenidən hesablanmışdır. Bu proses hazırda yeni sistemdə pensiya təyinatı üçün müraciət edən şəxslərin əvvəlki dövrə aid iş stajlarına da şamil edilir,  yəni pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Bu sıraya pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətin həyata keçirdiyi bir sıra tədbirlər də aid edilməlidir ki, bunun nəticəsində yaranan öhdəliklərin  ödənilən məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması onların məbləğinin şərti yığım sistemində qeydə alınan pensiya kapitalına uyğun olmayan artımını şərtləndirmişdir. Bütün bunların, həmçinin bir sıra vəzifələrdə qulluq etmiş şəxslərə verilən qulluq stajına görə əmək pensiyasına əlavələrin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olmuşdur. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan  dövlət öhdəliklərinin maliyyə yükü hazırda 1,3 milyard manatdan çoxdur. 2014-cü ildə dövlət büdcəsinin transfertinin həcmi isə bundan aşağı məbləğdə - 1,14 milyard manat nəzərdə tutulub, deməli, bu xərclərin maliyyələşdirilməsinə hər il büdcə transfertlərindən əlavə olaraq  sosial sığorta vəsaitləri də yönəldilir. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan xərclərin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitlərinin ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalları kimi qeydə alınması, gələcəkdə təyin ediləcək pensiya məbləğləri üzrə sistemin maliyyə öhdəliyini də  formalaşdırmaqdadır. «Göstərilənlə əlaqədar, sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin  artırılması məqsədilə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilmişdir.»

Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi ilə bağlı sualları cavablandıran DSMF sədri bildirib ki, hazırda vətəndaşların pensiya kapitalı ödənilən cəmi sosial sığorta haqqının 50 faizinin fərdi hesablarda qeydə alınması ilə formalaşdırılır, digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir. Məhz bu hal yüksək əməkhaqqından sosial sığorta haqqı ödənilməsinə marağı azaldır. Bunun tənzimlənməsi, eləcə də qeyri-leqal əmək ödənişlərinin iqtisadi üsullarla aradan qaldırılması işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini tələb edir.  «Bu qaydanın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Digər tərəfdən hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbi qoyulmayacaq».

Pensiya məbləğlərinin nəzərdə tutulan artımı qaydalarına da aydınlıq gətirən Fond sədri bildirib ki, «əmək pensiyalarının baza hissəsinin minimum pensiya göstəricisi ilə əvəz olunması pensiyaların bütün məbləğinin hər il indeksləşdirilərək artımına imkan verəcək. Məsələn, cari ildə baza hissəsinin artımı baş verməyib, növbəti ilin yanvar ayında isə qanunvericiliyə görə yalnız sığorta hissəsi indeksləşdiriləcək. Yeni qaydaların tətbiqi  isə pensiyanın minimum həddi də daxil olmaqla bütün məbləğinin hər il indeksləşdirilərək artırılmasını nəzərdə tutur».

Konsepsiyada nəzərdə tutulan pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması ilə bağlı E.Mehdiyev qeyd edib ki, sığorta-pensiya sisteminin dayanıqlı inkişafı makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirən göstəricilərlə yanaşı, demoqrafik göstəricilərin təsirinin də nəzərə alınmasını tələb edir. Ötən dövrdə ölkəmizdə pensiya yaşının tənzimlənməsi istiqamətində vaxtında qəbul olunmuş düzgün qərarlar nəticəsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığı və islahatların davam etdirilməsi üçün əlverişli şərait təmin olunmuşdur. Halbuki bir çox inkişaf etmiş ölkələrdə həmin məsələnin həllinə yalnız maliyyə böhranından sonra başlanılmışdır ki, bunun da  yaratdığı ciddi gərginlikləri hələ də  müşahidə etməkdəyik. “Beynəlxalq praktikada pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması bir neçə variantda – bilavasitə yaşın artırılması, problemin gözlənilən pensiya ödənişi müddəti vasitəsilə tənzimlənməsi, erkən pensiyaya çıxmanın məhdudlaşdırılması və gec pensiyaya çıxmanın stimullaşdırılması kimi vasitələrdən istifadə olunmaqla tənzimlənir. Bu daimi bir prosesdir və burada əsas vəzifə aktuar tədqiqatlara əsaslanmaqla müxtəlif alternativlərin hazırlanması və daha uyğun olanının seçilməsidir.” 

DSMF sədri həmçinin bildirib ki,  Fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 təşkil edir. Hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 17,7 il, kişilər üçün isə 12,7 il təşkil edir. Ümumilikdə isə Azərbaycanda pensiyada olma müddəti qadınların say çoxluğu şəraitində orta hesabla 16 ildir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər daha erkən pensiyaya çıxırlar və bu kateqoriyadan olan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir.

DSMF sədri Konsepsiyada nəzərdə tutulan könüllü sığortalanmanın tətbiqi məsələlərini şərh edərkən bildirib ki,  Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi hazırda fəaliyyət göstərməkdədir. Qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaqdır. E. Mehdiyev bildirib ki, DSMF və Avropa İttifaqının birgə layihəsinin qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin hazırlanması sahəsində əsas məqsədlərindən biri də həmin fondların qeyri-dövlət pensiya təminatı sahəsində fəaliyyəti ilə əlaqədar meydana çıxan öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlərin işlənməsidir. Qeyri-dövlət pensiya fondları fəaliyyət xüsusiyyətlərindən irəli gələrək bir çox istiqamət üzrə funksiyalar yerinə yetirəcəkdir ki, bu da gələcəkdə həmin fondlar tərəfindən fəaliyyətlərinin tam və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması üçün öncədən ciddi və hərtərəfli hazırlıq işlərinin aparılmasını zəruri edir. Qeyd edilən funksiyalar qeyri-dövlət pensiya təminatı məqsədləri üçün haqların toplanması, pensiya hesablarının aparılması, həmin hesabların vəziyyəti barədə aidiyyəti şəxslərin məlumatlandırılması, ehtiyatların formalaşdırılması, vəsaitlərin yerləşdirilməsi və əlaqədar investisiya siyasətinin aparılması, qeyri-dövlət pensiya təminatı üzrə münasibətlərin digər iştirakçıları ilə işin təşkili, nizamnamə fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan əmlakın və pensiya ehtiyatı vəsaitlərinin ayrıca uçotunun aparılması, öhdəliklər üzrə aktuar hesablamaların həyata keçirilməsi, qeyri-dövlət pensiyalarının təyinatı və ödənilməsi və digər istiqamətlərlə bağlıdır.

Sonra E.Mehdiyev Konsepsiyada nəzərdə tutulan sosial sığorta normativinin strukturunun optimallaşdırılması, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olanlara tələb olunan minimum sığorta stajı illərinin sığorta prinsiplərinə uyğunlaşdırılması, pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması və digər məsələlərlə bağlı görüş iştirakçılarını  maraqlandıran sualları cavablandırıb.

 Görüşdə həmçinin bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunda “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə xüsusi əlaqələndirmə komissiyası yaradılıb və bu istiqamətdə həyata keçirilən tədbirlər, hazırlanacaq normativ sənəd layihələri mütəmadi şəkildə ictimai müzakirələrə çıxarılacaqdır.