YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır

“Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır. Bu gün Azərbaycanın uğurları xarici antiazərbaycan dairələr tərəfindən böyük qısqanclıq hissi ilə qarşılandığından onların əsassız, heç bir məntiqə söykənməyən qarayaxma kampaniyaları həyata keçirmələrinə səbəb olur. Əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan bu kimi çirkin kampaniyalara qarşı mübarizədə fəal olmalı, Azərbaycanı istəməyən bu ünsürlərin şər və böhtanlarını reallıqlarımıza söykənərək əsaslı şəkildə cavablandırmalıdırlar”. Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hücum diplomatiyasını daha da gücləndirməliyik. Onun sözlərinə görə, bu gün Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. İqtisadi imkanlarını günbəgün artıran ölkəmizin ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar göz önündədir.

“Dövlətimizin diplomatik uğurlarını, ordumuzun gücünü, qüdrətini təbliğ etməklə yanaşı, bu gün heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmayan Ermənistanın işğalçılıq siyasətinin ona qazandırdığı uğursuzluqları da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Saxta tarix yazıb, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə yaşayan və bu istəyini zaman-zaman həyata keçirmək üçün havadarlarından dəstək alan ermənilərin iç üzü açılmalıdır. Diplomatik uğurlarımızın miqyası genişdir. Dövlətimizin uğurlu daxili və xarici siyasəti nəticəsində artıq dünya ictimaiyyəti Azərbaycan reallıqlarını düzgün dəyərləndirməyə başlayıb. Ayrı-ayrı nüfuzlu dünya dövlətlərinin və beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Təbii ki, bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Bu reallıqların təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Hər bir mətbu orqan vətənpərvərlik hissinin möhkəmləndirilməsinə, həqiqətlərimizin təbliğinə öz töhfəsini verməlidir. Bu, həm bir mətbu orqan olaraq vəzifəmiz, həm də vətəndaşlıq borcumuzdur”-deyə, V.Rəhimzadə vurğulayıb.