YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Prezident İlham Əliyevin Macarıstana səfəri strateji əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır

“Azərbaycan- Macarıstan əlaqələri geniş coğrafi şaxə alaraq daha dərin məna və məzmun kəsb etməkdədir. Son illərdə ölkələr arasında birgə hörmət və səmimi qarşılıqlı etimada əsaslanan siyasi-iqtisadi əməkdaşlıq dövlət başçılarının qarşılıqlı səfərləri çərçivəsində daha da möhkəmlənib. Prezident İlham Əliyevin Macarıstana növbəti səfəri isə güclü siyasi dialoqun və strateji əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Eyni zamanda, iqtisadi sahədə də münasibətlərin inkişafına, ticarət dövriyyəsinin artmasına və sosial-iqtisadi-humanitar sahələrdə yeni əməkdaşlığın yaranması üçün yaxşı perspektivlərə yol açır”. Bu barədə YAP Siyasi Şurasının üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov Prezident İlham Əliyevin Macarıstana səfərini şərh edərkən bildirib. 

Aydın Hüseynov qeyd edib ki, ölkələr arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə və digər mühüm iqtisadi, siyasi və humanitar məzmunlu sənədlər ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün yaxşı hüquqi baza yaratmış olur. “Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlər üçün də gözəl zəmindir. Həmçinin, ötən dövrdə tərəflər arasında iqtisadi əməkdaşlıq, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergiqoyma və imzalanmış digər sənədlər iqtisadiyyatın və humanitar sahələrin müxtəlif istiqamətləri, o cümlədən İKT, turizm, təhsil, nəqliyyat, səhiyyə, gənclər və idman, elm və innovasiya sahəsində əlaqələrə əla fürsət yaradır”.
YAP Siyasi Şurasının üzvü bildirib ki, Avropa İttifaqının strateji enerji layihələrində mühüm yer alan rəsmi Budapeşt Azərbaycanın təşəbbüskarlığı və qətiyyəti sayəsində hazırda mühüm həlledici mərhələyə qədəm qoymuş "Cənub” qaz dəhlizində iştirak edən tərəfdaşlardan biridir. Azərbaycan qazının uzunmüddətli Avropaya nəqlinin nəzərdə tutan yeni enerji marşrutuna Macarıstanın da qoşulması iki ölkə arasında strateji əlaqələrin daha da möhkəmlənməsi və uzunömürlü olması üçün güclü zəmin yaradır.
Aydın Hüseynovun sözlərinə görə, Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın öz fəaliyyətini genişləndirməsi də ölkələrimiz arasında əlaqələrin inkişafına səbəb olmaqdadır. “İki ölkə arasında artıq ənənə halını almış birgə biznes-forumların keçirilməsi Azərbaycan və Macarıstan şirkətlərinin investisiya layihələrində iştirakının genişlənməsinə, qarşılıqlı sərmayə qoyuluşlarının artmasına mühüm töhfə verir. 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 40 faizə yaxın artıb və bu rəqəmin cari ildə daha da yüksələcəyi gözlənilir. Bu cür iqtisadi tədbirlərin keçirilməsi ölkələr arasında birgə iqtisadi layihələrin həyata keçirilməsi, yeni müəssisələrin yaradılması,  innovativ yeniliklərin qarşılıqlı mübadiləsi, regionun inkişafına töhfə verən iqtisadi təşəbbüslərin dəstəklənməsi baxımındam mühüm əhəmiyyət kəsb edir”.